Yaşıl İqlim Fondu Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün iqlim maliyyələşməsinə çıxışı asanlaşdırmaq məqsədilə regional hab açır (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Yaşıl İqlim Fondu (YİF) İordaniyanın paytaxtı Ammanda yaradılan
yeni regional ofis və yenilənmiş akkreditasiya prosedurları
vasitəsilə Azərbaycan və Mərkəzi Asiya ölkələrindəki qurumların
iqlim maliyyələşməsinə çıxışını sadələşdirir.

Bu barədə Trend-ə YİF nümayəndəsi məlumat verib.

“2026-cı ilin mart ayında Sondoda keçirilmiş YİF İdarə Heyətinin
44-cü iclasında Amman Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq
regionlarına xidmət göstərəcək yeni regional ofisin yerləşəcəyi
şəhər kimi seçilib”, – deyə fondun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yeni ofisin məqsədi YİF-i milli qurumlara
və maraqlı tərəflərə daha da yaxınlaşdırmaqdır. Regional ofis
Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün birbaşa əlaqələndirmə
nöqtəsi rolunu oynayacaq.

“Bu addım YİF-in dövlət koordinasiya mərkəzləri (Milli
Səlahiyyətli Orqanlar), akkreditə olunmuş təşkilatlar və milli,
eləcə də beynəlxalq tərəfdaş şəbəkələri ilə əməkdaşlığını
gücləndirəcək”, – deyə o qeyd edib.

Bununla yanaşı, layihələrin hazırlanması prosesinin
sürətlənəcəyi, dəstəyin ölkələrin ehtiyaclarına daha uyğun şəkildə
təqdim ediləcəyi, eləcə də nəticələrin icrası və monitorinqinin
səmərəliliyinin artacağı gözlənilir.




“YİF akkreditasiya prosedurlarını daha çevik və praktik etmək
üçün yenidən nəzərdən keçirib. Bu proses fondun strateji
məqsədlərinə uyğun institusional yoxlama mexanizmi kimi
optimallaşdırılıb”, – deyə nümayəndə əlavə edib.

Əsas yeniliklərdən biri Layihəyə Xüsusi Qiymətləndirmə
Yanaşmasıdır (PSAA). “PSAA çərçivəsində təşkilatın potensialının
qiymətləndirilməsi və maliyyələşdirmə təklifinin ekspertizası
paralel şəkildə həyata keçirilir ki, bu da YİF maliyyələşməsinə
çıxış üçün tələb olunan ümumi vaxtı və əməliyyat xərclərini
əhəmiyyətli dərəcədə azaldır”, – deyə o bildirib.

PSAA çərçivəsində layihələri uğurla başa vuran təşkilatlar
sonradan tam institusional akkreditasiya üçün müraciət edə
bilərlər. Prioritet əsasən inkişaf etməkdə olan ölkələrin regional
və milli təşkilatlarına, birbaşa maliyyə çıxışının
genişləndirilməsində iştirak edən qurumlara, iri həcmli resursların
səfərbər olunmasına və kiçik və orta biznesə yönəlmiş təşəbbüsləri
həyata keçirən strukturlara verilir.

YİF akkreditasiyadan əvvəl hazırlıq və institusional dəstək
proqramları da təqdim edir. “Akkreditasiyadan sonra milli
təşkilatlar YİF və digər fondlarla birlikdə keyfiyyətli
proqramlaşdırma sahəsində dəstək ala bilərlər”, – deyə nümayəndə
vurğulayıb.

Ammanda regional ofisin açılması ilə bu dəstəyin Mərkəzi Asiya
və Cənubi Qafqaz ölkələrinin institusional və siyasi mühitinə daha
uyğun şəkildə təqdim olunacağı gözlənilir.

Sonda fondun nümayəndəsi bildirib ki, regional iştirakın
gücləndirilməsi, sürətləndirilmiş akkreditasiya, ixtisaslaşmış
dəstək və PSAA mexanizmi birlikdə Azərbaycan və Mərkəzi Asiya
ölkələrinin qurumları üçün YİF ilə tərəfdaşlıq və milli
prioritetlərin həyata keçirilməsi məqsədilə iqlim maliyyələşməsinə
daha effektiv çıxış imkanı yaradır.