
1990-cı ilin payızı… Sovet imperiyasının sütunları laxlayır, Bakı isə tarixin ən gərgin və ən həlledici günlərini yaşayırdı. Tarixin sərt dönüş nöqtəsində olan şəhərin küçələrində siyasi gərginlik, insanların qəlbində isə həm nigaranlıq, həm də gələcəyə böyük ümid vardı. Artıq Azərbaycanın müstəqilliyinin bərpasından söhbət gedir, bəzi yerlərdə “Azadlıq!” şüarları səslənirdi. Belə bir mürəkkəb zamanda Türkiyənin o vaxtkı Prezidenti Turqut Özalın həyat yoldaşı Semra Özal Bakıya qonaq gəlib.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim edtiyi bu foto “Anadolu” Agentliyinin arxivindəndir.
Zaman 23 iyun 1990-cı il… Məkan Bakı şəhəri…
Azərbaycana ilk dəfə səfər edən Türkiyə Prezidenti Turqut Özalın həyat yoldaşı Səmra Özal Bakıda müxtəlif görüşlər keçirib. O, Azərbaycan paytaxtına Türk Qadınını Gücləndirmə və Tanıtma Vəqfinin başqanı olaraq gəlib. Səfər isə Azərbaycan Qadınlar Cəmiyyətinin dəvətilə baş tutub.
Bu foto həmin səfərin yadda qalan anlarından birini əks etdirir.
Səfər çərçivəsində Səmra Özal Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə də görüşür.
Şəkildə: soldan sağa – Allahşükür Paşazadə, Səmra Özal və Azərbaycan Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibovadır.
O illərdə Türkiyədən gələn hər isti münasibət Azərbaycanda xüsusi duyğular oyadır, qardaş nəfəsi kimi qarşılanırdı. Bu həm də “yanınızdayıq!” mesajı demək idi. Hələ müstəqilliyini rəsmən qazanmamış Azərbaycan üçün qardaş Türkiyənin diqqəti xalqın yaddaşında ümid işığı kimi qalırdı.
Səmra Özalın Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyilə baş tutan görüşü də xüsusi əhəmiyyət daşıyırdı. Çünki o dövrdə din, milli kimlik və dövlətçilik anlayışları yenidən formalaşırdı.
Fotoda diqqət çəkən məqamlar var: bir dövrün siyasi ab-havası, diplomatik jestlər, mənəvi yaxınlıq…
Rəsmi protokol çərçivəsində çəkilmiş şəkil olsa da, üzlərdə hiss olunan təmkinin arxasında böyük bir tarixi gərginlik dayanır. Çünki həmin ilin Bakısı artıq əvvəlki Bakı deyildi. Ölkə yeni bir dövrə qədəm qoyurdu.
Şəkildə diqqət çəkən məqamlardan biri də milli-mənəvi çalarların aydın hiss olunmasıdır. Baş örtükləri, geyim üslubu, insanların baxışları – bütün bunlar 90-cı illərin əvvəlinə xas olan ictimai ruhu əks etdirir.
Səmra Özalın Şeyxülislam Allahşükür Paşazadə ilə görüşü təsadüfi deyildi. O dövrdə din xadimləri cəmiyyət üçün həm də mənəvi dayaq hesab olunurdu.
Kadrın arxa planındakı baxışlar da maraqlıdır. Hamı eyni nöqtəyə baxır, amma hərənin düşüncəsi fərqlidir. Çünki qarşıda naməlum gələcək vardı. Azərbaycan isə tarixinin ən taleyüklü illərinə qədəm qoyurdu.
Ə.Qafarlı


