
Bakı. Trend:
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış
kompleksinin açılışında iştirak edib.
Trend xəbər verir ki,
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi
nümayəndəsi Vahid Hacıyev kompleksdə yaradılmış şərait barədə
dövlətimizin başçısına məlumat verdi.
Qeyd edək ki, 2022-ci ildə bu kompleksin təməlqoyma mərasimində
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak
ediblər. Dövlətimizin başçısı 2024-cü və 2025-ci illərdə yaşayış
kompleksinin tikintisi ilə tanış olub.
Kompleksin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina
inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd
(44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib.
Kompleksdə ümumilikdə 104 mənzil var ki, onlardan da 84-ü sakinlər,
20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5
otaqlıdır.
Bu yaşayış kompleksində sakinlərin sosial məsələlərinin həlli
istiqamətində bir sıra işlər görülüb. Ərazidə uşaq və idman
meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil
dayanacaqları yaradılıb. Zəngilanın Baş planına əsasən yaşayış
kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq
bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı
zonada yerləşir.


