
Bakı. Trend:
Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də
nəqliyyat nöqteyi-nəzərindən Azərbaycan üçün böyük töhfəsi
olacaq.
Trend xəbər verir
ki, bu fikirləri Prezident İlham Əliyev mayın 9-da Cəbrayıl
rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə
bildirib.
Prezident İlham Əliyevin çıxışı
-İlk növbədə, sizi doğma vətənə qayıtmağınız münasibətilə təbrik
edirəm. Şükürbəyli kəndi tamamilə yenidən qurulub. Bildiyiniz kimi,
işğal dövründə Ermənistan dövləti bu kəndi tamamilə dağıtmışdı, bir
dənə də salamat bina qalmamışdı. Mənim keçmiş köçkünlərlə işğal
dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz
torpaqları azad edəndən sonra bütün şəhərləri, kəndləri quracağıq,
onları daha gözəl vəziyyətə gətirəcəyik və bu gün Şükürbəyli
kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, yaşamaq,
çalışmaq, təhsil almaq üçün bütün şərait – məktəb, musiqi məktəbi,
iki uşaq bağçası, tibb məntəqəsi, əlbəttə, gözəl, yaraşıqlı evlər
var ki, burada siz – Şükürbəyli kəndinin sakinləri rahat
yaşayasınız.
Uzun illər ərzində bu torpaqlar işğal altında olub. Ermənistan
dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək
istəmişdir, ancaq buna nail olmamışdır. Baxmayaraq ki, şəhər və
kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç
vaxt silinməmişdir. Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir
arzu ilə – öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamısınız.
Bəziləriniz Biləsuvar rayonunda dövlət xətti ilə verilmiş evlərdə
məskunlaşmısınız, bəziləriniz özünüz üçün hansısa şərait
qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən
daha əzizdir.
Bu gün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin
təntənəsi günüdür. Biz – bu torpaqların sahibləri nəinki bu
torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq,
eyni zamanda, bu torpaqları canlandırdıq. İşğal dövründə Ermənistan
dövləti Cəbrayıl rayonunda bir daşı daş üstə qoymamışdı. Düzdür,
yol çəkmək istəyirdi, amma buna vaxtı çatmadı. Amma bir daşı daş
üstə qoymamışdır. Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir, nə
şəhərdə, nə də ki, kəndlərdə bir dənə də salamat bina qalmamışdı,
Ağdam kimi. Zəngilanda tək-tük ev qalmışdı, orada qanunsuz
məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə
dağıdılmışdır. Evlər söküldü, daşlar talan edildi, müxtəlif
yerlərdə bazarlarda satıldı. Biz isə qurub-yaradırıq. İndi Cəbrayıl
rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl
şəhərində, – şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, –
ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən
sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq,
hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq
istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə
kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.
Əlbəttə ki, yaşayışla əlaqədar, təhsillə bağlı məsələlər həll
olunduqca, məşğulluq məsələləri də həll edilir. Burada da
vətəndaşların məşğulluğunu təmin etmək üçün bütün müvafiq
göstərişlər verildi – həm mövcud olan dövlət sektorunda iş yerləri
təbii ki, təqdim olunur, ondan sonra kənd təsərrüfatı ilə məşğul
olmaq üçün, xüsusilə heyvandarlıq və bitkiçiliklə. Bunlardan başqa,
Cəbrayıl rayonunda sənaye zonası – “Araz Vadisi” Sənaye Zonası
fəaliyyət göstərir, orada da böyük sahəni biz nəzərdə tutmuşuq, 200
hektar sahə ayrılıb. Bu sənaye zonasında indi 20 rezident var,
artıq istehsala da başlamışlar. O, daha da böyüyəcək, o da buradan
çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad edilmiş
ərazilərdə biz cəmi iki sənaye zonası nəzərdə tutmuşuq – biri
Ağdamda, biri də Cəbrayılda.
Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də
nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq.
Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında – işğala
qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu
biz bərpa etdik, amma yeni yol, – indi bilmirəm, siz onu
görmüsünüz, yoxsa yox, – Zəngəzur dəhlizinin bir hissəsi olan, ta
Ermənistan sərhədinə gedən dördzolaqlı yol. Yəni bunun ondan yuxarı
standartları da yoxdur. Ona görə nəqliyyat məsələləri də burada
həll olunur və gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi
üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq.
Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa
edilir – üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340
meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki,
biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su
elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu
bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700
meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük
xeyir gətirəcək. Yəni azad edilmiş bütün bu ərazilər ölkəmizin
bütün başqa əraziləri ilə bağlanır – yollarla, hava limanları ilə,
elektrik və su xətləri ilə. İndi “Xudafərin”, “Qız Qalası” su
anbarlarının suyundan da istifadə edəcəyik, orada elektrikdən də
istifadə edəcəyik. Beləliklə, bir daha bütün dünyaya göstərəcəyik
ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu
torpaqları biz qan tökərək qaytarmışıq, – Allah bütün şəhidlərimizə
rəhmət eləsin, – parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir
tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi
Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə,
məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq
kimi bundan sonra qürurla yaşayaq.
Sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.


