
Bakı.Trend:
İslam İnkişaf Bankı (IsDB) Azərbaycanda yeni layihələrin həyata
keçiriləcəyinə ümid edir.
Trend xəbər verir
ki, bunu Bakıda jurnalistlərə açıqlamasında IsDB Qrupunun sədri
Məhəmməd Süleyman Əl-Casir Azərbaycanın azad edilmiş ərazilərinə
səfərinin yekunlarına dair bildirib.
“Mənim üçün Azərbaycanın azad edilmiş ərazilərinə səfər etmək
böyük şərəf və imtiyaz idi. Füzuli, Xankəndi və Şuşada oldum.
Həqiqətən çox gözəl məkanlardır. Mən iki il əvvəl də burada
olmuşdum, lakin bu gün bölgə tamamilə fərqli görünür. İnkişafın
miqyasını, infrastrukturun bərpasını, eləcə də məscidlər daxil
olmaqla mühüm tarixi və dini abidələrin yenidən qurulmasını görmək
həqiqətən çox təsirli idi”, – deyə o bildirib.
Onun sözlərinə görə, Şuşada inşa olunan yeni məscid əsl görməli
məkan olacaq.
“Mən bütün bu dəyişiklikləri görməkdən çox məmnun oldum. Biz
həmçinin universitetə və sənaye zonasına da baş çəkdik. Mənə və
komandama həyata keçirilən layihələr və bölgənin perspektivləri ilə
bağlı çox əhatəli və təsirli məlumatlar təqdim olundu. Mən Ciddəyə
bu səfərlə bağlı çox gözəl xatirələrlə geri dönürəm”,- deyə İslam
İnkişaf Bankı Qrupunun sədri qeyd edib.
O bildirib ki, IsDB nümayəndə heyəti sənaye zonasında fəaliyyət
göstərən biznes nümayəndələri ilə də görüşüb.
“Onlar ölkənin inkişaf və böyümə potensialı barədə böyük həvəslə
danışırdılar. Biz elə onun üçün buradayıq – burdayıq ki, İslam
İnkişaf Bankının Azərbaycana dəstəyə sadiqliyini bir daha
təsdiqləyək. Biz ölkədə yeni layihələrin həyata keçiriləcəyinə ümid
edirik”,- deyə sədr vurğulayıb.
Əl-Casir Azərbaycanın böyük potensiala malik ölkə olduğunu
vurğulayıb.
“Bu, sürətli inkişafı təmin edən rəhbərliyə sahib bir ölkədir.
Burada yaxşı təhsil almış və öz ölkəsinə, onun gələcəyinə səmimi
şəkildə bağlı olan iddialı gənclər yaşayır. Mən Azərbaycana, onun
Prezidentinə, xalqına və hökumətinə ən xoş arzularımı çatdırıram”,-
deyə o yekunlaşdırıb.


