Azərbaycanda heyvan sığınacaqları üçün yeni qaydalar qüvvəyə minib

Baş səhifə

Bakı. Trend:

Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma
və qaydaları 2026-cı il mayın 4-dən qüvvəyə minib.

Trend-in əldə
etdiyi məlumata görə, yaşayış (fərdi inşa edilmiş ayrıca bina
istisna olmaqla), ictimai, inzibati və istehsalat binalarında
sığınacaqların yaradılmasına yol verilməyəcək.

Sığınacaqlar epizootik cəhətdən sağlam olan ərazilərdə
yerləşdirilməli və ərazinin epizootik vəziyyəti daim nəzarətdə
saxlanılmalıdır.

Sığınacaqlar yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi
istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su
mənbələrindən) aşağıdakı ara məsafələri (sanitar-mühafizə
zolaqları) gözlənilməklə yerləşdiriləcək:




  • avtomobil yollarından – 30 metr;
  • fermalardan – 100 metr;
  • su hövzələrindən – 100 metr;
  • sənaye müəssisələrindən – 100 metr;
  • yaşayış binalarından – 100 metr.

Tibbi müayinədən keçməyən, vərəmli xəstə, eləcə də
bədənində irinli açıq yarası, qoturluğu olan, habelə yaşı 18-ə
çatmayan şəxslərin heyvanlara xidmət etməsinə icazə
verilməyəcək.

Sığınacaqda çalışan bütün işçilər heyvanlardan keçə biləcək
xəstəliklərə qarşı peyvənd edilməli və heyvanların baxımı, təlimi
və xəstəlikləri barədə baytarlıq mütəxəssisi tərəfindən
məlumatlandırılmalıdırlar.

Sığınacaqda çalışan hər bir şəxs gigiyena qaydalarına ciddi
riayət etməli, təmiz xüsusi geyimlə (xalat, önlük və s.) və fərdi
mühafizə vasitələrilə (əlcək, maska, respirator, eynək) təmin
edilməlidir. Hər bir heyvanda aparılan baytarlıq xidmətlərindən
sonra əlcəklər yenilənməlidir.

Baytarlıq preparatlarının və yemlərin saxlanıldığı otaq və ya
bölməyə işçi heyətindən başqa kənar şəxslərin girişinə icazə
verilməməlidir.