
Bakı. Trend:
Bakı–Belqrad reysi Azərbaycan ilə Serbiya arasında əlaqələrin
daha da inkişafına töhfə verəcək.
Trend-in
məlumatına görə, bu fikirləri “Azərbaycan Hava Yolları” QSC-nin
İdarə Heyətinin sədri Samir Rzayev səsləndirib.
Onun sözlərinə görə, Belqrad-Bakı istiqaməti üzrə birbaşa
uçuşların açılması mühüm hadisədir:
“Bu, yalnız yeni istiqamətin əlavə olunması deyil, eyni zamanda
Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq nəqliyyat qovşağı
kimi rolunun daha da güclənməsi deməkdir. “Air Serbia” ilə
əməkdaşlıq çərçivəsində açılan bu marşrut sərnişinlər üçün daha
rahat və çevik səyahət imkanları yaradır. Həftədə 2 dəfə həyata
keçiriləcək uçuşlar həm işgüzar səfərlərin, həm də turizmin
inkişafına müsbət təsir göstərəcək”.
S.Rzayev əlavə edib ki, Belqrad istiqaməti Bakı hava limanının
beynəlxalq marşrut şəbəkəsini genişləndirərək sərnişinlərə
Cənub-Şərqi Avropa üzrə daha əlçatan əlaqə imkanı təqdim edir:
İdarə Heyətinin sədri vurğulayıb ki, ilk reyslə Serbiyadan rəsmi
qonaqların ölkəmizə səfəri bu marşrutun əhəmiyyətini bir daha
nümayiş etdirir: “Onları Bakıda salamlamaqdan məmnunuq. Bu, iki
ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin
başlanğıcıdır”.
S.Rzayev əlavə edib ki, əsas məqsəd sərnişinlər üçün təhlükəsiz,
rahat və səmərəli səyahət mühitinin təmin edilməsidir. O bildirib
ki, nu istiqamətdə xidmət keyfiyyətinin artırılması, rəqəmsal
həllərin tətbiqi və əməliyyat səmərəliliyinin yüksəldilməsi üzrə
işlər davam etdirilir.

