
Bakı. Trend:
Mayın 3-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiyanın
milli aviadaşıyıcısı “Air Serbia” tərəfindən icra olunan
Belqrad–Bakı–Belqrad marşrutu üzrə ilk birbaşa aviareysin rəsmi
qarşılanma mərasimi keçirilib.
Trend xəbər verir ki, yeni
uçuş proqramına əsasən, reyslər həftədə iki dəfə – çərşənbə və
şənbə günləri yerinə yetiriləcək. Sözügedən marşrut Azərbaycan ilə
Avropa arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsinə xidmət
etməklə yanaşı, turizm və işgüzar səfərlərin artmasına əlavə
imkanlar yaradır. İki ölkə arasında tətbiq olunan vizasız rejim isə
qarşılıqlı səfərləri daha da asanlaşdırır və istiqamətə marağı
artırır.
İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı
mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində qonaqlara Azərbaycan
mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.
Rəsmi qarşılanma mərasimində Azərbaycan Hökumətinin
nümayəndələri, Serbiya nümayəndə heyəti, eləcə də “Air Serbia”nın
rəhbər şəxsləri iştirak ediblər.
Qeyd edək ki, yeni marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun
beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm
addımlardan biri olmaqla yanaşı, Bakının regionun aparıcı aviasiya
və turizm mərkəzlərindən biri kimi mövqeyinin daha da
möhkəmlənməsinə töhfə verir.

