
Bakı. Trend:
Mayın 2-də Heydər Əliyev Mərkəzində tələbələrlə “Heydər Əliyev
və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş keçirilib.
Trend xəbər
verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü
ildönümü ərəfəsində təşkil olunan görüşün məqsədi Ulu Öndərin
irsinin dərindən öyrənilməsi və təbliği, eləcə də ölkəmizdə 2026-cı
ilin “Şəhərsalma və Memarlıq İli” olması nəzərə alınaraq, Heydər
Əliyevin rəhbərliyi dövründə Azərbaycanda formalaşmış memarlıq
məktəbi haqqında, şəhərsalma üzrə həyata keçirilmiş irimiqyaslı
işlər, bu sahədə milli irsin qorunması baxımından aparılan siyasət
barədə gənc nəsli maarifləndirməkdir.
Görüşdə tanınmış heykəltaraş, Xalq rəssamı Ömər Eldarovun
yaradıcılığı, onun Azərbaycan memarlıq və təsviri sənətində rolu,
eləcə də Ümummilli Liderin mədəniyyət və incəsənət sahəsinə verdiyi
töhfələr barədə müzakirələr aparılıb.
Heydər Əliyev Mərkəzində müxtəlif sahələri, o cümlədən
mədəniyyət və incəsənət sahələrini əhatə edən tədbirlərin təşkil
olunduğunu qeyd edən Azərbaycan Respublikası Prezidentinin
köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov
heykəltaraşlıq nümunələrinin nümayişinin keçirildiyini də diqqətə
çatdırıb: “Ömər Eldarov daim bizə bu məsələlərdə dəstək olur. Bu
günlərdə biz Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondu olaraq
Ulu Öndərin doğum günü ilə bağlı silsilə tədbirlər keçiririk. Bizim
üçün qürurlu bir gündür ki, bu gün siz Heydər Əliyev Mərkəzində
xüsusi hazırlanmış bir tədbirdə iştirak edirsiniz”.
Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Ömər
Eldarov, onun çox müdrik lider, ünsiyyətcil və səmimi bir insan
olduğunu deyib. Ümummilli Liderin incəsənətə olan marağından bəhs
edən Xalq rəssamı Heydər Əliyevin rəssam olmaq arzusundan danışıb,
doğmaları arasında tanınmış rəssam və memarın olduğunu qeyd edib.
O, Ulu Öndərin sərgiləri ziyarət etdiyini, təsviri incəsənət barədə
fikir mübadiləsi apardığını bildirib.
Görüş zamanı, həmçinin videoçarxlar nümayiş etdirilib.
Videoçarxlarda sənətkarın zəhmətkeşliyinə və əzmkarlığına verilən
yüksək qiymət, Ulu Öndərin Ömər Eldarovla yaradıcılıq prosesi,
əsərlərin konsepsiyası ilə bağlı dialoqu, Azərbaycan heykəltəraşlıq
məktəbinin rolu əks olunub.
Qeyd edək ki, “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı”
layihəsi Ulu Öndərlə yaxın ünsiyyətdə olmuş, onunla sıx təmasda
fəaliyyət göstərmiş tanınmış şəxslərin iştirakı ilə reallaşan ilk
tədbirlərdən biridir. Həmin silsiləyə Ömər Eldarovun yaradıcılığına
müraciət etməklə start verilməsi də təsadüfi deyil. Yaradıcılıq hər
dövrdə təkcə estetik zövqün formalaşmasına deyil, həm də xalqlar
arasında dostluq körpüsünün qurulmasına xidmət edib. Ümummilli
Lider Heydər Əliyev isə Ömər Eldarovun sənətini “insanlıq və
mədəniyyət rəmzi” adlandırıb.
Layihə gənc nəslin milli-mədəni irsə marağının artırılması,
onların estetik zövqünün formalaşdırılması və ölkəmizin memarlıq və
şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin geniş ictimaiyyətə
çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Görüş çərçivəsində Xalq rəssamı tədbir iştirakçılarının
suallarını cavablandırıb.

