
Bakı. Trend:
2026-cı il futbol üzrə dünya çempionatının 1/4 final
mərhələsində İspaniya və Belçika yığmaları arasında keçirilən oyun
başa çatıb. Qarşılaşma ABŞ-ın İnqlvud şəhərində yerləşən “SoFi”
stadionunda baş tutub. Oyunun baş hakimi İngiltərədən olan Maykl
Oliver olub. Görüşdə pireneylilər 2:1 hesabı ilə qələbə
qazanıb.
Matçda hesabı 30-cu dəqiqədə İspaniya millisinin
yarımmüdafiəçisi Fabian Ruiz açıb. Belçikanın hücumçusu Şarl De
Ketelare isə 41-ci dəqiqədə hesabı bərabərləşdirib.
İkinci hissədə, 71-ci dəqiqədə belçikalıların qapıçısı Tibo
Kurtua zədə səbəbindən əvəzlənib və onun yerinə meydana Senne
Lammens çıxıb. İspaniyalı yarımmüdafiəçi Mikel Merino 88-ci
dəqiqədə Lammenin səhvindən yararlanaraq komandasını yenidən
hesabda irəli çıxarıb.
İspaniya millisi 14 iyul tarixində keçiriləcək dünya
çempionatının yarımfinalında Fransa ilə qarşılaşacaq.
2026-cı il dünya çempionatı iyunun 11-dən ABŞ, Kanada və
Meksikada keçirilir. Turnirin final oyunu iyulun 19-da ABŞ-ın
İst-Raterford şəhərində baş tutacaq. Hazırkı dünya çempionu
Argentina millisidir.

