“Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” – Okampo

Baş səhifə

Bakı. Trend:

Dünən Azərbaycan mediasında yayılan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq
prokuroru Luis Okampo və onun oğlu Tomasın əks olunduğu video
görüntülər Azərbaycana qarşı genişmiqyaslı və sistemli informasiya
kampaniyasının pərdəarxasını bir daha üzə çıxardı. Artıq söhbət
ayrı-ayrı bəyanatlardan və ya sadəcə siyasi jestlərdən deyil,
sistemli təsir və təzyiq infrastrukturundan gedir. Bu
infrastrukturda Qərb platformaları, diaspor şəbəkələri və indi
məlum olduğu kimi, Rusiyadan gələn maliyyə resursları da iştirak
edir.

Bu prosesdə əsas fiqur Beynəlxalq Cinayət Məhkəməsinin sabiq
prokuroru Luis Moreno Okampodur. Yayımlanan video materiallarda o,
faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir.
Üstəlik, o, Avropa institutlarında əlaqələri və komandasının
olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş
rəhbəri Jozep Borrel və onun çevrəsinin xatırladır.

Lakin ən diqqətçəkən məqam Avropa istiqamətindən çox, bu
fəaliyyətin maliyyə bazasıdır.

Azərbaycan KİV-lərinin əldə etdiyi yeni video kadrlardan aydın
olur ki, kampaniya “Rusiya-erməni nümayəndələrindən ibarət qrup”
tərəfindən maliyyələşdirilir və bu məqsədlə xüsusi fond yaradılıb.
Məqsəd uzunmüddətli və davamlı informasiya təzyiqini təmin
etməkdir.

Okampo açıq şəkildə etiraf edir ki, ilkin mərhələdə o, maliyyəni
erməni mənbələrindən alıb, sonra isə daha strukturlaşdırılmış
kanallar işə qoşulub. Söhbət beynəlxalq bizneslə məşğul olan və bir
hissəsi Rusiyada yaşayan varlı erməni diaspor nümayəndələrindən
gedir. Burada əsas prinsip anonimlikdir. Onun sözlərinə görə, bu
sxemin iştirakçıları “Rusiya ilə problem yaşamaq istəmədikləri
üçün” qapalı mexanizmlərlə fəaliyyət göstərməyə üstünlük
verirlər.

Onların mətnini təqdim edirik:

Luis Moreno Okampo: “Domenek”

Həmsöhbət: “Domenek?”

Luis Moreno Okampo: “Hə. Mən […] heç cür
soyadları yadda saxlaya bilmirəm, bağışlayın”

Həmsöhbət: “Amma bu sizin işə götürdüyünüz
biridir?”

Luis Moreno Okampo: “Devesa”

Həmsöhbət: “Devesa.”

Luis Moreno Okampo: “Devesa”

Həmsöhbət: “Devesa. Amma siz…”

Luis Moreno Okampo: “Mən ermənilərdən bir az
pul aldım”

Həmsöhbət: “Aha”

Luis Moreno Okampo: “Beləliklə, başlanğıcda
ermənilər, mən…”

Həmsöhbət: “ABŞ-da?”

Luis Moreno Okampo: “Xeyr, Rusiyadan olan
ermənidən… Onlar Rusiya ilə heç bir problem yaşanmamasını
istəmirlər. Onlar üçün anonimlik əsasdır”

Həmsöhbət: “Yaxşı. Amma biz Rusiyadan kənarda
yaşayan ruslardan danışırıq? Yoxsa Rusiyadakı ruslardan?”

Luis Moreno Okampo: “Onlar xaricə səyahət
edirlər; onların hər yerdə maraqları var, mütləq Rusiyada olmaları
şərt deyil. Bəziləri, hamısı yox. Amma mən deyərdim ki, bunlar
məxfi şəkildə baş verir”

Luis Moreno Okampo: “Əvvəlcə mən bunu
təmənnasız (pro bono) etdim. İlk hesabat təmənnasız idi. Sonra
Beynəlxalq Cinayət Məhkəməsindəki (ICC) bir işi dəstəkləmək üçün
Amerika fondlarından birində dəstək aldım. Sonra sosial media
kampaniyasını da, demək olar ki, təmənnasız etdim. Və indi Rusiya
ermənilərindən ibarət bir qrup onların daha davamlı kampaniyasını
maliyyələşdirmək üçün fond yaradır”

Həmsöhbət: “Deməli, layihəniz nə vaxta qədər
davam edəcək?”

Luis Moreno Okampo: “Heç bir fikrim yoxdur.
Çünki indi bizim… erməni məsələsində bunu maliyyələşdirən insanlar
qrupu var. Və bizim may ayınadək öhdəliyimiz var, […] amma mənim
etdiyim odur ki…”

Həmsöhbət: “Həm də Ermənistanda olan
azlıq?”

Luis Moreno Okampo: “Xeyr, maliyyələşdirən
qrup…”

Həmsöhbət: “[…] Hə, bəzi varlı ermənilər…Onlar
axı nə edirlər?”

Luis Moreno Okampo: “Çünki onlar ermənidirlər.
Çünki onlar ermənidirlər”

Həmsöhbət: “Onlar hökumətin bir hissəsidir,
yoxsa QHT-lərdir? Onlar mənim kimi insanlardır, ya necə?”

Luis Moreno Okampo: “Xeyr, xeyr, xeyr.
Bilirsiniz nə var? Onlar Rusiyada yaşayırlar”

Bu kontekstdə mümkün benefisiarların dairəsi də aydınlaşır.
Maliyyələşmə mənbələrindən biri kimi biznesmen Samvel Karapetyan
çıxış edə bilər. O, daha əvvəl Azərbaycanın işğal olunmuş
ərazilərində qanunsuz fəaliyyətlərin dəstəklənməsi kontekstində də
gündəmə gəlmişdi. Məlumatlara görə, o, keçmiş işğal dövründə
Qarabağda məskunlaşma və infrastruktur layihələrinin
maliyyələşdirilməsində iştirak edib.

Bundan əlavə, şübhəsiz ki, bu prosesdə Ruben Vardanyan da
iştirak edib. Hazırda Bakıda saxlanılmasına baxmayaraq, onun fondu
fəaliyyətini davam etdirir və bu fəaliyyət hazırda ailəsi
tərəfindən idarə olunaraq Bakıya qarşı kampaniyaya yönəldilir.

Yeni materiallar göstərir ki, bu cür praktika aradan qalxmayıb,
sadəcə transformasiya olunub. Əgər əvvəllər söhbət “yerində
faktlar” yaratmaqdan gedirdisə, indi vurğu informasiya və siyasi
təzyiqə yönəlib. Beləliklə, maliyyə, media, siyasi əlaqələr və
beynəlxalq institutların vahid mexanizm kimi işlədiyi bütöv
ekosistem formalaşdırılıb.

Burada diqqətimizi xüsusi cəlb edən məqamlardan biri Okamponun
müddətlərlə bağlı etirafıdır. O, açıq şəkildə bildirir ki,
komandasının maliyyəsi “ən azı may ayına qədər” təmin olunub. Bu
isə kampaniyanın planlı xarakter daşıdığını göstərir.

Xatırladaq ki, may ayı parlament seçkilərinə hazırlaşan
Ermənistanda seçki kampaniyasının son mərhələsidir. Bu fonda baş
verənlər artıq təkcə xarici informasiya hücumu deyil, həm də bu
ölkənin daxili işlərinə və seçki prosesinə birbaşa müdaxilə kimi
görünür. Üstəlik, unutmayaq ki, dünən yaydığımız kadrlarda
Okamponun oğlu Tomas faktiki olaraq etiraf etmişdi ki, bu
kampaniyanın məqsədlərindən biri Ermənistanın baş naziri Nikol
Paşinyanın devrilməsidir.

Bütün bunlar bir daha göstərir ki, söhbət təkcə Azərbaycana
qarşı deyil, ümumilikdə regional sabitliyə qarşı yönəlmiş və dərin
kök salmış sistemdən gedir. Qərb institutlarının, Rusiyadan gələn
maliyyə axınlarının və diaspor strukturlarının birgə fəaliyyəti bu
kampaniyanın çoxsəviyyəli xarakterini ortaya qoyur.

Yayılan materiallar uzun illər kölgədə qalan mexanizmi üzə
çıxarır. Artıq aydın olur ki, burada ayrı-ayrı siyasətçilərin
“dəyərlər mövqeyi” deyil, konkret maliyyələşdirilən və praqmatik
fəaliyyət dayanır. Korrupsiya pulları isə, təbii ki, həlledici rol
oynayır.

Bu hekayə eyni zamanda şəxsiyyətin deqradasiyasını aydın şəkildə
göstərir: bir vaxtlar Beynəlxalq Cinayət Məhkəməsinin tanınmış
prokuroru olan şəxs faktiki olaraq Avropa strukturlarının və
Rusiyadakı erməni oliqarxlarının — Karapetyan və Vardanyanın —
iştirak etdiyi hibrid hücumlara xidmət edən lobbiçi marionetə
çevrilib.