
Bakı. Trend:
Mayın 1-dən üç yaşınadək uşağa qulluğa görə müavinət
avtomatlaşdırılmış qaydada təyin olunacaq.
Trend-in əldə
etdiyi məlumata görə, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il
mayın 1-dən etibarən qüvvəyə minəcək.
Belə ki, dığortaolunanın qismən ödənişli sosial
məzuniyyət əmri sığortaedən tərəfindən “Əmək və məşğulluq”
altsistemində yaradıldıqda sığortaolunana üç yaşınadək uşağa
qulluğa görə müavinət qanunvericiliklə müəyyən olunmuş məbləğdə
avtomatlaşdırılmış qaydada təyin ediləcək.
Məlumat üçün bildirək ki, həmin məzuniyyət dövründə uşağa qulluq
edən şəxsə bir yaş yarımadək uşağa qulluğa görə – 44 manat, uşağın
bir yaş yarımdan üç yaşınadək ona qulluğa görə isə 28 manat
müavinət ödənilir.
Əlilliyi olan üç yaşınadək uşağa qulluğa görə müavinət qüvvədə
olan qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləğinin ikiqatı
miqdarında verilir.
Uşaq üç yaşına çatanadək öldüyü halda müavinətin verilməsi
uşağın öldüyü gündən, habelə sığortaolunanın öz xahişi ilə qismən
ödənişli sosial məzuniyyət dövründə əmək müqaviləsinə xitam
verildiyi və ya məzuniyyətdən öz arzusu ilə işə qayıtdığı tarixdən
müavinətin verilməsi dayandırılır.

