
Bakı. Trend:
Böyük Britaniya Şimali Avropa ölkələrindən olan müttəfiqlərlə
birlikdə çəkindirmə məqsədilə Rusiyaya qarşı yeni dəniz
tərəfdaşlığının yaradılması planlarını hazırlayır.
Trend xəbər verir
ki, bu barədə Böyük Britaniyanın birinci dəniz lordu (Hərbi Dəniz
Qüvvələrinin baş komandanı) general Qvin Cenkins məlumat verib.
Onun təklifi 2014-cü ildən etibarən Birləşmiş Krallığın
komandanlığı altında fəaliyyət göstərən Birləşmiş Ekspedisiya
Qüvvələrinin (JEF) modelinə əsaslanır. Regional müdafiə birliyi
Şimali Avropanın 10 ölkəsini – Böyük Britaniya, Danimarka,
İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və
Estoniyanı əhatə edir.
“Biz birlikdə Arktika bölgəsi, Şimali Atlantika və Baltik dənizi
regionlarında yaranan təhdidlərə operativ reaksiya vermək
imkanlarını təmin etmək üzərində işləyirik. JEF NATO-nu əvəz etmək
yox, onu tamamlamaq məqsədi daşıyır”, — deyə Cenkins Londonda
yerləşən Kral Birləşmiş Müdafiə və Təhlükəsizlik Araşdırmaları
İnstitutunda çıxışı zamanı bildirib.


