Onlar bu gün də Ermənistanı silahla təmin edirlər – ETİRAZ

Baş səhifə

Ermənilər 600 il əvvəldən Azərbaycana qarşı cinayətkar fəaliyyətlə məşğul olublar.

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Qaçqınlar gününə həsr olunmuş Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları adlı tədbirdə çıxışı zamanı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.

“Qərbi Azərbaycan qaçqınları Qarabağ münaqişəsinin başladığı ilk vaxtlarda – 1987-1991-ci illərdə və bu münaqişənin tərkib hissəsi kimi öz doğma ocaqlarından qovulmuşlar və çox təəssüf ki, özlərinə sərf edəndə beynəlxalq hüquqdan, insan hüquqlarından dəm vuran beynəlxalq güclər bu günə qədər də nəinki Ermənistanı işğalçı dövlət kimi günahlandırmamış, əksinə, təmənnasız silah-sursatla onu təmin etmişlər və bu gün də təmin edirlər. Halbuki ermənilərin xalqımıza qarşı cinayətləri təkcə sonuncu deportasiya ilə və təkcə etnik təmizləmə ilə məhdudlaşmır. Ermənistanın və ermənilərin xalqımıza qarşı cinayətlərinin sayı-hesabı yoxdur və tarixi yüzilliklərə söykənir. Təkcə belə bir məqamı xatırlatmaq kifayətdir ki, Ermənistanın cinayətkar birinci prezidenti Ter-Petrosyan bu yaxınlarda yayılmış 1993-cü ilə aid videosunda etiraf etdi ki, ermənilər 600 il əvvəldən Azərbaycana qarşı cinayətkar fəaliyyətlə məşğuldurlar. Və Qərbi Azərbaycanda tarixən yaşayan azərbaycanlıları bu coğrafiyadan vəhşicəsinə qovub çıxarmaqla öz çirkin niyyətlərinə – indiki Ermənistan ərazisini türksüzləşdirməyə və müsəlmansızlaşdırmağa, monoetnik dövlətə çevirməyə nail olublar”.

Ə.Ələkbərli əlavə edib ki, azərbaycanlıların Vətən əmanətinə həmişə sahib çıxdığını ermənilər unudurlar:

“Lakin ermənilər bir şeyi unudurlar ki, azərbaycanlılar, o cümlədən Qərbi Azərbaycandakı soydaşlarımız ata-baba yurdlarından dəfələrlə qovulub çıxarılsalar da, hər dəfə geri qayıdıblar, babaların Vətən əmanətinə sahib çıxıblar. 44 günlük Vətən Müharibəsində və 1 günlük antiterror əməliyyatı zamanı biz bir daha bunun şahidi olduq”.