
Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam
Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel
tarixli bəyanatında əks olunmuş anti-Azərbaycan iddiaları ilə bağlı
Şuranın Baş katibinə məktub göndərib.
Trend xəbər
verir ki, məktubda Şura tərəfindən Azərbaycana münasibətdə regionda
baş vermiş son hadisələrin ciddi şəkildə təhrif edildiyi qeyd
olunub.
Məktubda belə yanaşmanın qəbuledilməz olduğu bildirilib.
“Təmaslarımız zamanı etiraf etmişdiniz ki, erməni kilsələri
mütəmadi olaraq sizə təsir etməyə cəhd göstərir. Təəssüf ki,
görünür bu cəhdlər öz “bəhrəsini” verməkdədir və ÜKŞ həqiqətə uyğun
olmayan və sülh prosesini pozan qızışdırıcı təbliğatın
aparılmasında və məsələyə süni şəkildə dini çalarlar gətirmək
cəhdlərində alət kimi istifadə olunmaqdadır.
1993-cü ilin 8 fevral tarixində Montrödə ÜKŞ-nin vasitəçiliyi
ilə görüşdə o vaxtkı bütün ermənilərin Katolikos-Patriarxı I Vazgen
ilə imzaladığımız Birgə Kommünikedə bəyan etmişdik ki, “günahsız
qanların tökülməsi ilə nəticələnən bu münaqişəni xristian-müsəlman
qarşıdurması kimi qiymətləndirən bəzi cəhdlərə baxmayaraq, bu, dini
münaqişə deyil. Xristian ermənilər və müsəlman azərbaycanlılar
bundan sonra da sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq
şəraitində yaşamalıdırlar.” Bu mövqeyimiz o zaman ÜKŞ tərəfindən
birmənalı olaraq dəstəklənib.
Əfsuslar olsun ki, sizin ÜKŞ-yə rəhbərliyiniz dövründə
təşkilatınız erməni kilsəsi ilə bizim aramızda barışığa xidmət edən
addımlar atmır”.
Məktubda xatırladılıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20%-i 30 ilə yaxın
müddətdə işğal altında qalıb, azərbaycanlılara qarşı kütləvi
qırğınlar törədilib və bir milyondan artıq soydaşımız öz doğma
torpaqlarından zorla didərgin düşüb:
“BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı
təcavüzünü qətiyyətlə pisləyən 4 qətnamə qəbul edib və erməni
silahlı birləşmələrinin dərhal, tamamilə və qeyd-şərtsiz işğal
olunmuş ərazilərimizdən çıxarılmasını tələb edib.
2020-ci ildə Azərbaycan beynəlxalq hüquq normalarına, BMT
Nizamnaməsinə və Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən
öz əzəli torpaqlarını işğaldan azad edib. 2023-ci ilin sentyabrında
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın bir sıra
bölgələrində törədilən genişmiqyaslı silahlı təxribata cavab olaraq
Azərbaycan, həyata keçirdiyi bir günlük anti-terror əməliyyatından
sonra öz suverenliyini tam bərpa edib.
Bununla əlaqədar, Azərbaycanın tarixi torpaqlarını erməni
ərazisi kimi təqdim etmək beynəlxalq hüququn pozulması və tarixi
reallıqlara məhəl qoymamaqdır. Azərbaycan Prezidenti və
Ermənistanın Baş naziri 2022-ci ilin oktyabrında Praqa görüşü
nəticəsində verilmiş bəyanatda hər iki tərəfin bir-birinin ərazi
bütövlüyünü və suverenliyini tanıdığı vurğulayıb, Ermənistanın Baş
naziri Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını rəsmən
bildirib. Ötən ilin avqust ayında Vaşinqton Sammiti zamanı
Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişində
birmənalı olaraq hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə
hörmət ifadə olunur. Buna baxmayaraq, erməni kilsəsi hər zaman
olduğu kimi, Qarabağın Azərbaycanın suveren ərazisi olması faktını
qəbul etmir, erməniləri işğalçılıq siyasətinə, aqressiv separatizmə
və revanşizmə çağırır, bu da, öz növbəsində iki ölkə arasında sülh
prosesinə ciddi maneələr yaradır.
Bununla yanaşı, ÜKŞ bəyanatında guya erməni sakinlərin
Qarabağdan zorla qovulduğu və onların hüquqlarının tapdalandığı
barədə iddialar da tamamilə əsassızdır. Vurğulamaq istərdim ki,
2023-cü il anti-terror tədbirlərindən dərhal sonra BMT tərəfindən
bölgəyə səfər etmiş missiyalar bu ərazidə dinc əhaliyə, mülki
infrastruktura qarşı zorakılığın tətbiq olunmadığını təsdiq
ediblər. Erməni təbliğatının dezinformasiyalarına baxmayaraq,
beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Azərbaycanın
Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç-bir təzyiq və ya
zorakılıq göstərilməyib və onlar bu ərazini könüllü olaraq tərk
ediblər.
Bəyanatda eyni zamanda, Azərbaycanın ərazilərində dini və mədəni
irsə münasibətdə səsləndirilən iddialar da əsassızdır. Əsrlər boyu
Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da daxil
olmaqla, müxtəlif dinlərə məxsus ibadət yerləri və icmalar sərbəst
fəaliyyət göstərib. Ölkəmiz öz ərazisində yerləşən bütün dini
abidələrin, məscidlərin, kilsələrin və sinaqoqların heç bir fərq
qoyulmadan qorunmasını və bərpasını təmin edir. Eyni zamanda Şuşada
yerləşən erməni Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə
bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət
tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır.
Bununla yanaşı, işğal dövründə Azərbaycanın məscid və digər
dini-mədəni abidələrinin sistemli şəkildə dağıdılması faktlarının
beynəlxalq dini qurumlar tərəfindən diqqətə alınmaması da təəssüf
doğurur”.


