Azərbaycan və BƏƏ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət
naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Teymur Musayev Prezident
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin
Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini,
bu səfərlər zamanı aparılmış müzakirələrin iki ölkə arasında
əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını
vurğulayıb.

Nazir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında
müxtəlif sahələrdə, o cümlədən səhiyyə sektorunda əməkdaşlığın
uğurla inkişaf etdiyini qeyd edib. O, ölkəmizdə səhiyyə sisteminin
modernləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi
və rəqəmsal səhiyyə həllərinin tətbiqi istiqamətində həyata
keçirilən islahatlardan bəhs edib.




Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət
naziri Səid bin Mübarək Əl-Haciri göstərilən qonaqpərvərliyə görə
təşəkkürünü bildirib, ölkəsinin Azərbaycan ilə səhiyyə sahəsində
əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını
vurğulayıb.

Tərəflər görüş zamanı səhiyyə sahəsində əməkdaşlığın cari
vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə
müzakirə ediblər. Xüsusilə innovativ tibbi texnologiyaların
tətbiqi, səhiyyə infrastrukturunun inkişafı, tibbi xidmətlərin
keyfiyyətinin artırılması, rəqəmsal səhiyyə sistemlərinin qurulması
diqqət mərkəzində olub. Bununla yanaşı, tibbi kadrların
hazırlanması və ixtisasartırma proqramları, tədqiqat və innovasiya
sahəsində əməkdaşlıq, eləcə də qabaqcıl beynəlxalq təcrübənin
öyrənilməsi və tətbiqi məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.

Sonda tərəflər bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın
dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb, gələcəkdə
əlaqələrin daha da genişləndirilməsi və konkret layihələr üzrə
işlərin davam etdirilməsi barədə razılığa gəliblər.