
Bakı. Trend:
Azərbaycanın diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq
ABŞ Prezidenti Donald Trampa müraciət edib.
Trend xəbər
verir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar
milli maraqlar və tarixi həqiqətlərlə bağlı məsələlərdə hər zaman
fəallıq nümayiş etdirərək prinsipial mövqe sərgiləyiblər.
ABŞ-nin Nyu York şəhərinin meri Zohran Kvame Mamdaninin “X”
platformasında Azərbaycan əleyhinə səsləndirdiyi əsassız və qərəzli
fikirlər diasporumuzun etirazı ilə qarşılanıb.
Kanadada fəaliyyət göstərən Hamilton Azərbaycan Cəmiyyəti,
Kanada Azərbaycan Evi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət
Mərkəzi, “Az Media” Media qrupu, eləcə də İsraildəki Azərbaycan
Mədəniyyət Mərkəzi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq
Assosiasiyası Nyu York merinin iddialarının beynəlxalq hüququn
norma və prinsiplərinə zidd olduğunu vurğulayaraq ABŞ Prezidenti
Donald Trampa məktub ünvanlayıblar.
Məktublarda Nyu York merinin Azərbaycan xalqına qarşı
səsləndirdiyi ittihamlarla bağlı ciddi narahatlıq ifadə edilib.
Qeyd olunub ki, ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh
sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması
istiqamətində beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə mühüm
addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmalar
konstruktiv prosesə mənfi təsir göstərə bilər. Eyni zamanda
vurğulanıb ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli əhaliyə
reinteqrasiya çərçivəsində bərabər hüquqlar və təhlükəsizlik
təminatları təklif olunub, onların sosial-iqtisadi həyata
inteqrasiyası üçün konkret addımlar atılıb. Mülki şəxslərə qarşı
etnik zəmində hər hansı zorakılıq faktı qeydə alınmayıb və bu
istiqamətdə beynəlxalq hüququn prinsiplərinə uyğun davranış
sərgilənib. Məktublarda, həmçinin Xocalı faciəsinin ağır nəticələri
xatırladılaraq, bu hadisəyə hələ də beynəlxalq səviyyədə
hüquqi-siyasi qiymətin verilmədiyi diqqətə çatdırılıb.
Məktublarda Donald Trampdan Azərbaycan xalqına qarşı
səsləndirilən əsassız ittihamlarla bağlı məsələyə diqqət
yetirilməsi xahiş olunub.

