
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) 2025-ci ildə Asiya və Sakit okean
regionunun dəyişikliklərə uyğunlaşmasına və çağırışları imkanlara
çevirməsinə dəstək olmaq üçün öz vəsaitləri hesabına 29,3 milyard
ABŞ dolları ayırıb və vacib institusional islahatlar həyata
keçirib.
Trend xəbər verir ki, bu gün
dərc olunan AİB-in 2025-ci il üzrə İllik Hesabatında mürəkkəb və
qeyri-müəyyən şəraitdə keçən 2025-ci ildə bankın əməliyyatları,
eləcə də institusional və maliyyə fəaliyyətinə dair əsas
göstəricilər yer alır.
“2025-ci ildə AİB misli görünməmiş səviyyədə dəstək göstərib.
Bu, 2024-cü il ilə müqayisədə 20% artım deməkdir. AİB-in ötənilki
dəstəyi nəticəsində 3,3 milyondan çox iş yerinin yaradılması,
həmçinin 180 milyondan çox insanın bu dəstəkdən yararlanması
gözlənilir” — deyə AİB-in prezidenti Masato Kanda bildirib. “Bu,
bankın Asiya və Sakit okean regionunun tələblərinə uyğun olaraq
istənilən miqyasda və tezlikdə dəstək göstərmək qabiliyyətinə malik
olduğunu nümayiş etdirir”.
Hökumətlərə və özəl sektora ayrılan kreditlər, qrantlar,
investisiyalar, zəmanətlər və texniki yardım illik müqayisədə 20%
artaraq 29,3 milyard ABŞ dollarına çatmışdır. Ötənilki dəstəyimizə
təkan vermək üçün tərəfdaşlarımız da əlavə olaraq 14,7 milyard ABŞ
dolları məbləğində vəsait ayırmışdır.
Özəl sektorun inkişafı 2025-ci ildə AİB üçün əsas
prioritetlərdən biri olmuş və bu istiqamət üzrə bankın ayırdığı
vəsait 5,5 milyard ABŞ dolları təşkil etmişdir. Eyni zamanda özəl
investisiyalar cəlb etmək üçün bankın dövlət sektoru üzrə ayırdığı
vəsaitlərin yarısı birbaşa infrastrukturun inkişafına, islahatlara
və qurumlara dəstək göstərmişdir. AİB özəl sektorun inkişafına
dəstək vermək baxımından unikal imkanlara malikdir. Belə ki, bankın
dövlət və özəl sektor üzrə əməliyyatları bir mərkəzdən, vahid
hüquqi qurum və vahid maliyyə hesabatı əsasında fəaliyyət
göstərir.
AİB Mərkəzi və Qərbi Asiya üzrə 8,3 milyard ABŞ dolları, Şərqi
Asiya üzrə 1,4 milyard ABŞ dolları, Sakit okean regionu üzrə 680
milyon ABŞ dolları, Cənubi Asiya üzrə 9,7 milyard ABŞ dolları və
Cənub-Şərqi Asiya üzrə 9 milyard ABŞ dolları, əlavə olaraq regional
layihələr üçün 302 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır.
Ən çox vəsait ayrılan üç əsas istiqamət maliyyə, nəqliyyat və
dövlət sektorunun idarə olunması olmuşdur.
Asiya İnkişaf Bankı 2025-ci ildə inkişaf etməkdə olan üzv
ölkələrə yüksək keyfiyyətli və daha məqsədyönlü dəstək göstərmək
üçün mühüm institusional islahatları təsdiq etmişdir.
Bu islahatlara aşağıdakılar daxildir:
• Bankın kreditləşmə limitini aradan qaldırmaq və səhmdarlardan
ümumi kapital artımı tələb etmədən maliyyələşdirmə imkanlarını 50%
artırmaq məqsədilə bankın nizamnaməsinə dəyişiklik olunması;
• İnkişaf etməkdə olan üzv ölkələrdə enerji əlçatanlığına və
enerji təhlükəsizliyinə daha yaxşı dəstək vermək üçün bank enerji
siyasətini yenilənməsi;
• Bankın dəstəyində keyfiyyət, dayanıqlıq və vəsaitlərin
səmərəli istifadəsinə nail olmaq üçün satınalma prosedurları
sadələşdirilməsi;
• Bərpa olunan enerji və rəqəmsal texnologiyalar üçün zəruri
olan materiallara tələbatdan məsuliyyətli və dayanıqlı şəkildə
faydalanmaq məqsədilə kritik minerallardan istehsala qədər dəyər
zəncirlərinin dəstəklənməsi üçün yeni yanaşma qəbul olunması.
AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və
davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır.
AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları
həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli
infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə
alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır.
AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü
onun səhmdarlarıdır.

