
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri və İtaliya hərbi istiqamətdə
qarşılıqlı əlaqəni gücləndirməyi hədəfləyən müdafiə əməkdaşlığına
dair razılaşma imzalayıblar.
Trend xəbər verir ki, bu
barədə BƏƏ Müdafiə Nazirliyi rəsmi açıqlama verib.
Bildirilib ki, ölkənin müdafiə işləri üzrə dövlət naziri
Məhəmməd bin Mübarək əl-Məzrui İtaliyanın müdafiə naziri Quido
Krosetto ilə görüş keçirib.
Görüş çərçivəsində Yaxın Şərqdə baş verən son proseslər,
həmçinin BƏƏ ilə İtaliya arasında müdafiə sahəsində tərəfdaşlığın
genişləndirilməsi və hərbi əməkdaşlığın inkişaf perspektivləri
müzakirə olunub.
Əl-Məzrui və Krosetto mövcud təhlükəsizlik çağırışlarını da
nəzərdən keçirərək, sabitliyin və təhlükəsizliyin təmininə yönəlmiş
səylərdə koordinasiya və birgə fəaliyyətin əhəmiyyətini
vurğulayıblar.
Sonda tərəflər hərbi sahədə əlaqələrin gücləndirilməsinə və iki
ölkə arasında münasibətlərin inkişafına xidmət edən müdafiə
əməkdaşlığı sazişini imzalayıblar.

