
Bakı. Trend:
2024-cü ildə həyata keçirilmiş ilk IPO-dan sonra 2025-ci ildə
Azərbaycanın səhm bazarında aktivlik əsasən təkrar bazar ticarəti
hesabına formalaşıb.
Trend bu
barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bildirilib ki, təkrar bazarda ticarət həcmi 12.5 milyon manatdan
15.8 milyon manata yüksəlmişdir ki, bu da investor aktivliyinin
sabit qaldığını göstərir.
“Listinqdə olan şirkətlərin bazar kapitalizasiyası 2,67 mlrd AZN
olmuşdur (2024: 2,77 mlrd AZN) və bu, qiymətləndirmə səviyyələrinin
ümumilikdə sabit qaldığını göstərir. Sektor bölgüsündə maliyyə
sektoru üstün mövqedə qalaraq ümumi kapitalizasiyanın 99%-ni təşkil
edib, real sektorun payı isə cəmi 1% olub və bu bazarda
diverfikasiyaya olan ehtiyacı göstərməkdədir. Bazar
kapitalizasiyası əsasən iri şirkətlərdə cəmlənib: kapitalizasiyası
100 milyon manatdan yuxarı olan 7 şirkət ümumi bazar dəyərinin
88%-ni, 10-100 milyon manat arası 6 şirkət 11.1%-ni, 10 milyon
manatdan aşağı isə 23 şirkət 0.9%-ni təşkil edib”, – məlumatda qeyd
edilib.


