
Bakı. Trend:
21 aprel “Nərimanov–Ulduz” mənzilini enerji ilə təmin edən
yarımstansiyada qısaqapanma baş vermiş, həmin mənzildə tuneldə
tüstülənmə qeydə alınmışdı. Biz sərnişinlərin təhlükəsizliyini
təmin etmək üçün əvvəlcə hadisənin fəsadlarını aradan qaldırıb
sonra hərəkəti bərpa etdik.
Bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya
Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına
müsahibəsində deyib.
Onun sözlərinə görə hadisə zamanı təxliyə operativ şəkildə təmin
olundu.
“İlk öncə baş vermiş hadisəyə görə təəssüfümü bildirirəm və
sərnişinlərimizdən bir daha üzr istəyirəm. Hadisə zamanı
sərnişinlər və əməkdaşlar arasında xəsarət alan olmadı, təxliyə
operativ şəkildə təmin olundu. Daxili İşlər Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi əməkdaşlarına təxliyə zamanı və ilkin tibbi xidmət
göstərən TƏBİB əməkdaşlarına, Bakı metropoliteninin məlumatlarının
operativ ictimaiyyətə çatdıraraq çaşqınlıq yaranmasının qarşısının
alınmasında xüsusi rolu olan media nümayəndələrinə təşəkkürümü
bildirirəm.
Vüsal Aslanov qeyd edib ki, Dövlət Proqramında Bakı
metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd
kimi yer alıb: “Ümumiyyətlə, Bakı Metropoliteninin elektrik
şəbəkəsi dayanıqlı qurulub — istənilən sahə iki fərqli alternativ
enerji mənbəyindən qidalanır. Dövlət Proqramında Bakı
metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd
kimi yer alıb. 2025-ci ildə xarici ekspertləri dəvət edib enerji
sistemini tam texniki auditdən keçirdik və tədbirlər planı
hazırladıq. Artıq 2025-ci ildən iki mövcud yarımstansiyanın yenidən
qurulması, bir yeni yarımstansiyanın tikintisi, kabel şəbəkəsinin
yenilənməsi və SCADA sisteminin yenidən qurulması istiqamətində
işlər görülür”.
O qeyd edib ki, dizel generatorların əsas rolu xarici enerji
təchizatının əvəzlənməsinə fokuslanıb, ona görə bu halda onlardan
istifadə mümkün deyil.
“Bakı Metropoliteninin 21 ədəd dizel generatoru mövcuddur,
bunlar mütəmadi olaraq texniki baxışdan keçir. Bu generatorların
funksiyası xarici enerji təchizatında fasilə yarandığı zaman
avtomatik işə düşməkdir. Biz ildə iki dəfə qəza məşqləri
keçiririk.
Lakin bu hadisədə xarici elektrik şəbəkəsində problem yox idi –
metronun öz yarımstansiyasında qısaqapanma baş vermişdi. Ona görə
bu halda onlardan istifadə mümkün deyil”. – Vüsal Aslanov qeyd
edib.
Qeyd edək ki, geniş müsahibə bu gün 21:30-da Trend Beynəlxalq
İnformasiya Agentliyində və “Azad Azərbaycan” Müstəqil Teleradio
Kompaniyasında(ATV) yayımlanacaq.

