Azərbaycan və Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

Baş səhifə

Bakı. Trend:

Sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız, Azərbaycan
icmaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.
Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayan
soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin daha da
möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin
olunması istiqamətdə fəaliyyətini davam etdirməkdədir.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən
uğurlu diaspor siyasətinin mühüm nəticəsidir ki, Azərbaycan dövləti
ilə xaricdə yaşayan soydaşlarımız arasında, eləcə də icmalar
daxilində əlaqələr daha da intensivləşib, koordinasiyalı fəaliyyət
geniş vüsət alıb.

Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq Diasporla İş üzrə
Dövlət Komitəsi çoxyönlü layihələr həyata keçirir, xaricdəki
Azərbaycan Evlərinin, Koordinasiya Şuralarının, həftəsonu
məktəblərinin fəaliyyətlərini dəstəkləyir, Azərbaycan icmalarının
qayğıları ilə maraqlanır, onlara bütün mümkün köməklikləri
göstərir”, – deyə məlumatda qeyd edilib.

Bildirilib ki, komitənin fəaliyyət istiqamətlərindən biri də
xarici ölkələrin aidiyyəti dövlət orqanları, rəsmi qurumları ilə
əlaqələrin qurulması və inkişaf etdirilməsidir:

“Son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin Rumıniyanın
Xaricdəki Rumınlarla İş üzrə Nazirliyi (2018), Türkiyənin Xaricdə
Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (2018),
Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi 2024),
Qırğızıstanın Xalq Assambleyası (2023), elə də komitənin
tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun Türkiyənin
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi (2019),
“Macar-Turan” Beynəlxalq Fondu (2024) ilə imzalanan anlaşma
memorandumları diaspor sahəsində beynəlxalq miqyaslı
əməkdaşlıqların əməli nümunəsidir.

Ölkəmizin diaspor sahəsində növbəti əməkdaşlığı Meksika ilə
qurulmaqdadır. Dünyada geniş yayılan diasporlardan sayılan
meksikalıların yaşadıqları ölkələrin iqtisadi, siyasi və mədəni
həyatında təsirləri hiss olunandır və yerli cəmiyyətlərə sürətlə
inteqrasiya edirlər. Bu baxımdan xaricdə yaşayan azərbaycanlı və
meksikalı icmaların dəstəklənməsi və onlara kömək göstərilməsi,
eləcə də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq
mexanizmlərinin yaradılması olduqca əlamətdar hadisədir.

Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi və
Xaricdə Yaşayan Meksikalılar İnstitutu (XME) vasitəsilə Meksika
Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında imzalanması
nəzərdə tutulan Anlaşma Memorandumu xalqlarımız arasında dostluq və
əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, iki ölkə arasında
əlaqələrin intensivləşdirilməsinə mühüm töhfə verəcəkdir”.

Vurğulanıb ki, memorandumun məqsədi kimi xaricdə yaşayan
azərbaycanlı və meksikalı icmaları dəstəkləmək və onlara kömək
göstərmək üçün qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq
mexanizmləri yaratmaqdır.

“Bunun üçün Azərbaycan və Meksika tərəfləri məsləhətləşmələr,
məlumat, təcrübə və sənəd mübadiləsi aparacaq, birgə təlimlər
təşkil edəcəklər.

Anlaşma Memorandumunda hüquq və azadlıqların, habelə milli
mədəni dəyərlərin qorunmasının, cəmiyyətə inteqrasiyanın, habelə
xaricdə yaşayan milli icmaların mədəni irsinin tanınmasının
vacibliyi qeyd olunur. Müasir dünyada qloballaşma prosesinin
inkişafında və sivilizasiyalararası dialoqun genişlənməsində milli
icmaların və diasporun artan rolu təsdiqlənir. Hər iki ölkənin
hökumətlərinin daxildə və xaricdə öz vətəndaşlarının xeyrinə həyata
keçirdikləri təşəbbüslər vurğulanır.

Müxtəlif ölkələrdəki soydaşlarımızın və Azərbaycan icmalarının
yaşadıqları cəmiyyətlərdəki mövqelərinin gücləndirilməsi məqsədilə
komitənin gələcək beynəlxalq əməkdaşlıq arealının genişləndirilməsi
nəzərdə tutulur”.