Birinci rübdə 30 milyon manata yaxın ipoteka krediti verilib

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət
Fondunun (Fond) vəsaiti hesabına müvəkkil banklar tərəfindən 29,9
milyon manat məbləğində 353 ipoteka krediti, o cümlədən, 12,2
milyon manat məbləğində 115 adi ipoteka krediti və 17,7 milyon
manat məbləğində 238 güzəştli ipoteka krediti verilib.

Trend bu
barədə Fonda istinadən xəbər verir.

Ümumilikdə, 2006-cı ildən bəri Fondun vəsaiti hesabına verilən
ipoteka kreditlərinin məbləği 3,8 milyard manata çatıb ki, bu da 57
mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan
verib.




Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin
ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək
məqsədilə 01 aprel 2026-cı il tarixinə Fond tərəfindən 140,8 milyon
manat məbləğində 1497 ipoteka krediti üzrə zəmanət verilib.

Qeyd edək ki, Fondun vəsaiti hesabına verilən ipoteka
kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr
təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına
düşüb.

“İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən
ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini
həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22
iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına
ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin
verilməsi Qaydası”na uyğun olaraq, Fond 2026-cı ilin birinci
rübündə də əhalinin mənzil təminatının yaxşılaşdırılması
istiqamətində fəaliyyətini davam etdirib”, – məlumatda qeyd
edilib.