Bakı. Trend:
Aralıq dənizinin mərkəzi hissəsində miqrantları daşıyan qayığın
aşması nəticəsində azı iki nəfər həlak olub, 70-dən çox şəxs itkin
düşüb.
Trend xəbər verir
ki, bu barədə “Mediterranea Saving Humans” və “Sea-Watch”
qeyri-hökumət təşkilatları məlumat yayıb.
“Mediterranea Saving Humans” təşkilatının bildirdiyinə görə,
şənbə günü günortadan sonra Liviyadan yola düşən və göyərtəsində
qadın və uşaqlar da daxil olmaqla 105 nəfərin olduğu qayıq batıb.
Nəticədə 70-dən çox şəxs itkin düşüb.
Axtarışlar zamanı iki nəfərin meyiti sudan çıxarılıb, 32 nəfər
isə xilas edilib. Hadisə Liviyanın nəzarətində olan
axtarış-xilasetmə zonasında baş verib.
“Sea-Watch” təşkilatının məlumatına görə, sağ qalanlar iki
ticarət gəmisi tərəfindən xilas edilərək bazar günü səhər
saatlarında İtaliyanın Lampeduza adasına çatdırılıb.
Təşkilatın “X” platformasında paylaşdığı videoda, ehtimal ki,
“Sea Bird 2” müşahidə təyyarəsi tərəfindən lentə alınmış kadrlarda
insanların aşmış qayığın gövdəsindən yapışaraq açıq dənizdə
sürükləndiyi, daha sonra isə ticarət gəmisinin onlara yaxınlaşdığı
əks olunub.

