
Bakı. Trend:
Martın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim oğlum
qəhrəmandır!” layihəsi çərçivəsində müqəddəs Ramazan ayı və 8 Mart
– Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.
Müqəddəs Ramazan ayına təsadüf edən tədbir çərçivəsində iftar
süfrəsi açılıb.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan qəhrəman
şəhidlərimizin anaları, ailə üzvləri iştirak ediblər.
Trend xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da şəhid ailələri
ilə birlikdə iftar süfrəsində iştirak edib, onlarla həmsöhbət
olub.
Tədbir torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüş qəhrəman
şəhidlərimizin xatirəsinə ehtiramın, onların ailələrinə dövlət və
cəmiyyət qayğısının ifadəsi olaraq keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusunun şücaətindən, ölkəmizin ərazi bütövlüyü uğrunda
şəhid olan Vətən oğullarının qəhrəmanlığından danışılıb, Ümummilli
Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub, Uca
Yaradandan dünyada sülhün, ölkəmizdə əmin-amanlığın bərqərar olması
dilənib.
Şəhid ailələrinin adından çıxış edən Azərbaycanın Milli
Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə
Həşimova şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını
bildirib, qayğı və ehtirama görə minnətdarlığını ifadə edib.
Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış
ediblər.
Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəman oğullarımızın
yad edildiyi, onların bizə əmanət qoyduqları ailələrin iştirak
etdiyi “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır”
layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Bu cür
tədbirlər şəhid ailələrini bir araya gətirərək dövlətin və
Azərbaycan xalqının daima onların yanında olduğunu bir daha hiss
etdirir. Bu tədbirlər şəhid ailələrinə diqqət və qayğının, onların
qəhrəman övladlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı,
bu istiqamətdə dövlət tərəfindən görülən işlərə dəstək məqsədi
daşıyır.


