İran BMT-dən ABŞ və İsrailin hücumların araşdırmasını istədi

Baş səhifə

Bakı. Trend:

İran BMT-yə ABŞ və İsrailin İrana qarşı hücumunu araşdırması
üçün müraciət edib.

Trend-in
məlumatına görə, bununla əlaqədar İran xarici işlər naziri Seyid
Abbas Əraqçinin BMT baş katibi Antonio Quterreş və BMT
Təhlükəsizlik Şurasının sədri Ceyms Kleverliyə məktub
ünvanlayıb.

İran xarici işlər naziri məktubda bildirib ki, İsrail və ABŞ-nin
İranın müxtəlif şəhərlərində çoxlu sayda müdafiə obyektləri və
qeyri-hərbi məkanları vurması İranın ərazi bütövlüyü və
suverenliyinin pozulması deməkdir. ABŞ və İsrailin İran əleyhinə
hərbi hava hücumları BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi
açıq-aşkar şəkildə pozulub.

Əraqçi bildirib ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə
uyğun olaraq özünü qanuni şəkildə müdafiə edir və ölkənin Silahlı
Qüvvələri hücumlarla qarşılaşmaq üçün imkanlarından və bütün lazımi
vasitələrdən istifadə edəcək.

“Bu əsasda hücum edən tərəflərin regiondakı bütün bazaları,
obyektləri və qüvvələri qanuni hərbi hədəf hesab olunur. İran haqlı
olaraq hücumlar dayanana qədər qətiyyətli şəkildə müdafiəsini davam
etdirəcək”, -deyə o bildirib.




İranlı nazir deyib ki, regionda baş verən hadisələrin mənfi
nəticələri ABŞ və İsrailin üzərinə düşür. İran əleyhinə hərbi hava
hücumlarının regional və beynəlxalq sülh və təhlükəsizlik üçün
ciddi mənfi nəticələri olacağını nəzərə alaraq beynəlxalq sülh və
təhlükəsizliyin pozulmasına reaksiya olaraq ciddi tədbirlərin
görülməsi gözlənilir.

“İran beynəlxalq sülh və təhlükəsizlikdən narahat olan BMT-yə
üzv bütün ölkələrdən İran əleyhinə hücumlar qarşısında dərhal və
kollektiv addımların atılmasını gözləyir”, -deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.