
Bakı. Trend:
İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyi İranın Səudiyyə
Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt və
İordaniyanın suverenliyinə və ərazilərinə qarşı hərəkətlərini
qətiyyətlə pisləyib.
Trend xəbər verir
ki, Baş Katiblik bu hərəkətləri regional sabitliyə və sülhə təhdid
yaradan qəbuledilməz eskalasiya adlandırıb.
Bəyanatda vurğulanıb ki, yuxarıda adı çəkilən ölkələrin
suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaqda onlarla
tam həmrəylik saxlanılır və beynəlxalq hüququn davamlı şəkildə
pozulmasının təhlükəli presedent yaratdığı, mehriban qonşuluq,
qarşılıqlı hörmət və daxili işlərə müdaxilə etməməyə əsaslanan
beynəlxalq münasibətlərin təməllərini sarsıtdığı qeyd olunub.
Baş Katiblik bütün regionun təhlükəsizliyi və sabitliyini
qorumaq məqsədilə eskalasiya hərəkətlərinə dərhal son qoyulması,
təmkin nümayiş etdirilməsi və danışıqlar masasına qayıtmaq
çağırışını bir daha təkrarlayıb.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.


