
Bakı. Trend:
Münhen Təhlükəsizlik Konfransı (MSC 2026) çərçivəsində Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış
Qlobal Nizamda Multilateralizm” mövzusunda yüksək səviyyəli tədbir
keçirilib. Baş tutan dəyirmi masa müzakirəsi multilateralizmin
mövcud geosiyasi parçalanma şəraitində effektivliyinin və
legitimliyinin qorunması, BMT-nin 80 ildən sonrakı fəaliyyətindəki
mövcud ola bilən reformlarına həsr olunub.
Trend xəbər verir
ki, tədbirdə BMT sisteminin yüksək vəzifəli nümayəndələri, sabiq
dövlət və hökumət başçıları, nazirlər, regional təşkilat rəhbərləri
və aparıcı strateji ekspertlər daxil olmaqla 15-dən artıq ölkədən
40-a yaxın yüksək səviyyəli iştirakçı təmsil olunub.
Sessiyalar çərçivəsində Kral Faysal İslam Araşdırmaları
Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Əl Faysal,
Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Seneqalın sabiq Prezidenti
Maki Sall, Avropa Birliyinin Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi
Eduards Stiprays, BMT Baş Assambleyasının 73-cü sessiyasının
Prezidenti Maria Fernanda Espinosa, Özbəkistan Senatının sədr
müavini Sodiq Safoyev, Avstriyanın sabiq Kansleri Sebastian Kurz və
Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə
nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev çıxış ediblər.
Nahar müzakirəsi zamanı BMT Baş katibinin müavini və
Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos,
Ərəb Liqasının sabiq Baş katibi Amr Moussa, İsrailin sabiq xarici
işlər naziri Tzipi Livni, Yunanıstanın sabiq Baş naziri Corc
Papandreou, BMT Baş Assambleyasının 72-ci sessiyasının Prezidenti
Miroslav Laycak, Özbəkistan Prezidentinin yanında Təhlükəsizlik
Şurası katibinin birinci müavini Eldor Aripov və Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov qlobal əməkdaşlığın
gələcək istiqamətləri barədə fikirlərini bölüşüblər.
Tədbirdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında inkişaf
edən əməkdaşlıq formatları, Trans-Xəzər bağlantısının artan
strateji rolu, post-münaqişə normallaşma prosesləri və regional
təşəbbüslərin qlobal çoxtərəfli çərçivələrlə qarşılıqlı
tamamlayıcılığı xüsusi vurğulanıb.

