“Estoniya Dəmir Yolları” Qazaxıstanla logistikanın inkişafı üçün Orta Dəhlizdə böyük potensial görür

Baş səhifə

Bakı. Trend:

“Estoniya Dəmir Yolları” şirkəti Qazaxıstanla yükdaşımaların
inkişafı üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM,
Orta Dəhliz) istifadəsində əhəmiyyətli potensial görür.

Bu barədə “Estoniya Dəmir Yolları”nın kommersiya direktoru Artur
Rayxmann Trend
açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qazaxıstanla yükdaşımaların inkişafı şirkət
üçün strateji prioritetə çevrilib.

“Qarşılıqlı faydalı artımı təmin etmək üçün biz bütün
səviyyələrdə əməkdaşlığın dərinləşdirilməsinə, o cümlədən
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda iştirak etməyə
yönəlmişik”, – deyə o qeyd edib.




A. Rayxmann vurğulayıb ki, Estoniya Orta Dəhlizin yük axınlarına
inteqrasiya üçün böyük potensiala malikdir. Onun sözlərinə görə,
ölkə xidmətlərin yüksək keyfiyyəti, işin səmərəliliyi və dəmir
yolu, liman və terminal infrastrukturunun əlaqəli inteqrasiyası ilə
seçilir.

Xatırladaq ki, A. Rayxmann 2025-ci ilin dekabr ayında Trend-ə bildirmişdi ki,
Estoniyanın Orta Dəhlizə mümkün inteqrasiyası müzakirə olunub,
lakin həmin vaxt bu marşrut çərçivəsində konkret nəqliyyat
layihələri mövcud olmayıb.

“Qazaxıstan Dəmir Yolları” (KTJ) milli şirkətinin məlumatına
görə, 2025-ci ildə Qazaxıstanla Estoniya arasında dəmir yolu
daşımalarının həcmi 2,1 dəfə artaraq 382,4 min tona çatıb ki, bu da
əvvəlki illə müqayisədə 197,4 min ton çoxdur. İxrac 313,7 min ton
(2,6 dəfə artım və ya 192,9 min ton çox), idxal isə 29,7 min ton
(30,2 faiz artım və ya 6,9 min ton çox) təşkil edib.

Qeyd edək ki, Orta Dəhliz Çindən başlayır və Qazaxıstan
ərazisindən keçir. Daha sonra Xəzər dənizini keçərək Azərbaycan,
Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxır.