Yaxın Şərq və bölgəmizdə regional təhlükəsizlik vəziyyəti müzakirə edildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fevralın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd
Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, görüş zamanı, Azərbaycanın ərəb ölkələri və
ümumilikdə Ərəb Liqası və Ərəb Parlamenti ilə münasibətləri, Yaxın
Şərqdə və bölgəmizdə regional təhlükəsizlik vəziyyəti,
İsrail-Fələstin münaqişəsi, habelə Azərbaycanla Ermənistan arasında
sülh prosesi müzakirə olunub.

Görüş zamanı, ölkəmizin xarici siyasətində müsəlman, o cümlədən
ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən
biri olduğu vurğulanıb. Azərbaycanın bölgədə sabitliyin,
təhlükəsizliyin və sülhün təmin olunması istiqamətində hər zaman
çalışdığı, münaqişələrin və müharibələrin qarşısının alınması
istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunub.

Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması
istiqamətində səylərin əhəmiyyətinə dair həmrəylik ifadə olunub.
Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən “iki dövlət”
prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və
prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə
uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə
çatdırılıb.

Bununla yanaşı, ölkəmizin son illərdə həyata keçirdiyi
vasitəçilik səylərinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov keçmiş münaqişə, Azərbaycan-Ermənistan
sülh prosesi, post-münaqişə dövründə işğaldan azad olunmuş
ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə qarşı
tərəfə ətraflı məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair
fikir mübadiləsi aparılıb.