
Bakı. Trend:
Fransa Milli Assambleyasının qərəzli qətnamə qəbul etməsi
təsadüfi siyasi addım kimi qiymətləndirilə bilməz. Bu, daha çox
Parisin Cənubi Qafqazda formalaşan yeni reallıqları qəbul etməməsi
və regionda sülh gündəliyini zəiflətmək cəhdinin tərkib hissəsi
kimi görünür.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Elçin
Mirzəbəyli deyib.
Millət vəkilinin sözlərinə görə, məhkəmə prosesləri yalnız
hüquqi xarakter daşımır, məhkəmə eyni zamanda uzun illər gizlədilən
həqiqətlərin üzə çıxması, münaqişə dövründə baş vermiş cinayətlərin
sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətin obyektiv
məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir:
“Belə bir vaxtda Fransa parlamentinin qəbul etdiyi sənəd hüquqi
proseslərə kölgə salmaq, onları siyasiləşdirmək və diqqəti
faktlardan yayındırmaq məqsədi daşıyır. Bu yanaşma hüququn
aliliyinə deyil, geosiyasi maraqlara söykənən mövqe təsiri
bağışlayır”.
Deputat vurğulayıb ki, 2025-ci ilin oktyabrında Kopenhagendə
keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı
çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan
Prezidenti ilə görüşərək iki ölkə arasında gərginliyin aradan
qaldırılması və münasibətlərin normallaşdırılması üçün təşəbbüs
göstərməsi ilə hazırkı vəziyyət arasında kəskin ziddiyyət var:
“Həmin görüşdə verilən mesajlar dialoq və qarşılıqlı anlaşma
ruhunda təqdim olunsa da, sonrakı addımlar bunun siyasi taktika
olduğunu göstərir. Parisin atdığı addımlar diplomatik etimad
mühitinə zərbə vurur və Makronun səmimiliyi ilə bağlı ciddi suallar
yaradır.
Fransanın bu davranışı təkcə Azərbaycanla münasibətlər
kontekstində deyil, bütövlükdə regionun gələcəyi baxımından
təhlükəli presedent yaradır. Çünki Cənubi Qafqaz hazırda
münaqişədən sonrakı bərpa, kommunikasiyaların açılması, iqtisadi
inteqrasiya və sülh sazişi perspektivləri ilə xarakterizə olunan
həssas mərhələdədir”.
E.Mirzəbəyli əlavə edib ki, bu cür addımlar ABŞ-nin və bir sıra
digər aktorların regionda sülh təşəbbüslərinə də dolayı zərbə
vurur.
“Hazırkı mərhələdə Cənubi Qafqazda əsas prioritet sülh
müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və
nəqliyyat-kommunikasiya xətlərinin bərpasıdır. Fransa parlamentinin
qəbul etdiyi qətnamə isə bu proseslərə konstruktiv töhfə vermək
əvəzinə, siyasi emosiyaları körükləyən mövqe ortaya qoyur.
Eyni zamanda, Parisin bu xətti region ölkələrinin Avropa
İttifaqı və NATO ilə əməkdaşlıq perspektivlərinə də mənfi təsir
göstərir. Çünki tərəfsizlik və obyektivlik prinsipi pozulduqda
Avropa institutlarının regiondakı rolu ilə bağlı ciddi suallar
yaranır. Fransa faktiki olaraq öz davranışı ilə Avropa
platformalarının etibarlılığına kölgə salır”, – deyə o qeyd
edib.
Milli Məclisin deputatı Günay Ağamalı isə
Trend-ə
açıqlamasında bildirib ki, Fransa Milli Assambleyasında qəbul
edilən son qətnamə bu ölkənin siyasi dairələrinin Cənubi Qafqazda
baş verən proseslərə obyektiv yanaşmaqdan uzaq olduğunu bir daha
göstərir:
“Azərbaycanda saxlanılan şəxslərlə bağlı səsləndirilən
çağırışlar hüquqi reallığı, aparılan istintaqı və məhkəmə
proseslərini nəzərə almayan qərəzli yanaşmadır. Bu şəxslər hərbi
əməliyyatlar və münaqişə dövründə törədilmiş ağır cinayətlərə görə
məsuliyyətə cəlb olunublar və hazırda məhkəmə orqanlarının
qərarları hüquqi prosedurlara uyğun şəkildə icra olunur. Azərbaycan
hüquqi dövlətdir və heç bir xarici siyasi mərkəz ölkəmizin məhkəmə
sisteminə təsir göstərə bilməz”.
Millət vəkili vurğulayıb ki, qətnamənin məhz məhkəmə
proseslərinin yekunlaşdığı, faktların, şahid ifadələrinin və
sübutların ictimaiyyətə təqdim olunduğu bir vaxtda qəbul edilməsi
təsadüfi deyil:
“Bu, Fransada müəyyən siyasi qrupların regionda siyasi gündəliyi
manipulyasiya etmək niyyətində olduğunu göstərir. Azərbaycanla
münasibətlərin normallaşdırılmasından danışan, dialoq çağırışları
edən Fransa rəhbərliyinin bu cür addımlar atması ziddiyyətli və
səmimiyyətdən uzaqdır”.
G.Ağamalının sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki,
regionda dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət, ərazi
bütövlüyünün tanınması və qarşılıqlı öhdəliklərin yerinə
yetirilməsi ilə etibarlı şəkildə təmin oluna bilər.
“Xarici parlamentlərin siyasi motivli qətnamələri nə hüquqi
qüvvəyə malikdir, nə də real sülh prosesinə töhfə verir. Əksinə, bu
cür addımlar bölgədə etimad mühitinə xələl gətirir.
Azərbaycanın mövqeyi dəyişməzdir. Ölkəmiz öz suveren
hüquqlarına, qanunvericiliyinə və məhkəmə qərarlarına əsaslanaraq
hərəkət edir. Regionda sabitlik və əməkdaşlıq istəyən bütün
tərəflər emosional və qərəzli bəyanatlardan uzaq durmalı, hüquqi və
siyasi reallıqları qəbul etməlidirlər. Azərbaycan sülh gündəliyinə
sadiqdir. Sülh gündəliyi qarşılıqlı hörmət və obyektiv yanaşma
əsasında irəliləyə bilər”, – deyə o fikrini tamamlayıb.


