
Bakıda tarixi irs və müasir memarlığı birləşdirən hotel layihəsi üzərində çalışırıq.
“APA-Economics” xəbər verir ki, bunu “Invision Design Talks 2” forumunda “Metex Mimarlık” şirkətinin təsisçisi, türkiyəli memar Sinan Kafadar deyib.
O bildirib ki, rəhbərlik etdiyi memarlıq bürosu hazırda Bakının Səbail rayonunda yerləşən “Canopy by Hilton Baku” hotel layihəsi üzərində işləyir.
Sinan Kafadar qeyd edib ki, layihə çərçivəsində ərazidə yerləşən tarixi əhəmiyyətli iki bina qorunur, onların arasında isə yeni tikili inşa olunur. Layihədə daxili həyət, qış bağı, yaşıl örtüyün qorunması və Xəzər dənizinə açılan panoram mənzərə nəzərdə tutulub.
Memar vurğulayıb ki, layihənin əsas ideyası Bakının simvolik elementləri olan su və od motivlərini memarlıq və interyer dizaynında əks etdirməkdir.
Onun sözlərinə görə, interyer konsepsiyasında Azərbaycan xalça sənəti, milli ornamentlər və yerli mədəniyyət elementlərindən istifadə olunur.
Memar əlavə edib ki, hər bir memarlıq layihəsi öz hekayəsini danışmalıdır və “Canopy by Hilton Baku” layihəsi də Bakının tarixi irsini müasir memarlıq ilə birləşdirməyi hədəfləyir.
Qeyd edək ki, “Invision Design Talks 2” forumu Seranit Azərbaycan və “Sinerji Pro”nun əməkdaşlığı ilə təşkil olunub. Forum APA İnformasiya Agentliyinin media dəstəyi ilə keçirilir.


