
Bakı. Trend:
BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Avropa Azərbaycana
münasibətdə fərqli yanaşmalar sərgiləyir” sərlövhəli məqaləsi
“Commonspace” nəşri tərəfindən dərc edilib. (https://www.commonspace.eu/index.php/node/13899 )
Məqalədə Avropa İttifaqının qanunverici və icraedici qurumları
tərəfindən Azərbaycana münasibətdə köklü şəkildə fərqlənən yanaşma
və siyasətlərə diqqət yetirilir. Azərbaycanın Avropa İttifaqı üçün
strateji əhəmiyyətinin artdığı bir dövrdə qurumun qanunverici qolu
tərəfindən həm Cənubi Qafqazdakı sülh prosesinə, həm də ümumilikdə
Azərbaycan ilə Avropa İttifaqı arasındakı müsbət gündəliyə mənfi
təsir göstərə biləcək məqamlar təhlil edilir.
Müəllif yaradılan saxta gündəmin əslində kimlərin maraqlarına
xidmət etdiyini sual altına alır.
Məqalənin Azərbaycan dilindəki mətnini diqqətinizə
çatdırırıq:
“2026-cı ilin yazı Avropa İttifaqının xarici siyasətində ən
qəribə paralel mənzərələrdən birini ortaya çıxardı. Aprelin 30-da
Avropa Parlamenti “Ermənistanda demokratik dayanıqlılığın
dəstəklənməsi” adlı sənəd çərçivəsində Azərbaycana qarşı növbəti
sərt tənqidi qətnaməni qəbul etdi. Bundan cəmi 48 saat sonra isə
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamenti ilə
bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırıldığını elan edib,
Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsindən geri çəkilib və
Avronest Parlament Assambleyasını tərk etmək üçün prosedurlara
başlayıb. Prezident İlham Əliyevin bildirdiyinə görə, 2021-ci ilin
may ayından etibarən, Azərbaycana qarşı artıq 14-cü belə qətnamə
qəbul edilib və dövlət başçısı bunu “bir növ obsessiya” kimi
xarakterizə edib.
Bununla belə, həmin həftələrdə Bakıda Avropanın tamamilə fərqli
siyasət xətti də müşahidə olunurdu. Martın 11-də Avropa İttifaqı
Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfər edərək ölkəni
“Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik tərəfdaş”
adlandırıb və enerji sahəsindən kənara çıxaraq təhlükəsizlik,
müdafiə, rəqəmsal inkişaf və nəqliyyat istiqamətlərini də əhatə
edəcək yeni çərçivə sazişi üzərində iş aparıldığını bildirib.
Aprelin 21-23-də Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana
rəsmi səfər etmiş, yeni əməkdaşlıq sənədləri imzalanıb və
Latviya-Azərbaycan strateji tərəfdaşlığını bir daha
təsdiqləyib.
Aprelin 26-28-də Çexiyanın Baş naziri Andrey Babiş hazırkı
səlahiyyət müddəti ərzində Avropa İttifaqından kənara ilk xarici
səfərini Azərbaycana edib və səfər zamanı tərəflər Çexiyanın hər il
təxminən 2 milyard kubmetr Azərbaycan qazı almasını nəzərdə tutan
razılaşma üzərində ilkin anlaşma əldə ediblər.
Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski müharibə
dövründə Cənubi Qafqaza ilk səfəri çərçivəsində Qəbələyə gəlib,
altı ikitərəfli saziş imzalayıb. Daha sonra isə Rusiya və ABŞ ilə
üçtərəfli danışıqlar üçün Azərbaycanı məkan kimi təklif etdi.
Mayın 4-də İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycan qazı
və neftinin İtaliyanın enerji təhlükəsizliyi üçün “həlledici
əhəmiyyət” daşıdığını bəyan edib və iki ölkə hökumətləri arasında
“daimi siyasi koordinasiya”nın qurulduğunu elan edib.
Növbəti gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik
məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Bakıya səfər edərək
özünün “daha strukturlaşdırılmış tərəfdaşlıq” kimi xarakterizə
etdiyi əməkdaşlığın inkişaf etdirilməsinə dair danışıqlar aparıb.
Kallas Azərbaycanı “dəyərli və etibarlı enerji tərəfdaşı” kimi
qiymətləndirib, həmçinin Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi
Asiya arasında əlaqələrin gücləndirilməsinin “ortaq strateji maraq”
daşıdığını bildirib.
Bu kontekstdə sual yaranır: Bəs Avropa Parlamenti nə edir?
30 aprel tarixli qətnamədə “Qarabağ ermənilərinin geri qayıtmaq
hüququ” tələb olunur, “məhkum olunmuş hərbi cinayətkarların dərhal
və qeyd-şərtsiz azad edilməsi” çağırışı edilir və Sovet dövründən
qalmış “Dağlıq Qarabağ” ifadəsindən istifadə olunur. Halbuki bu
inzibati qurum 1991-ci ilin noyabrında Azərbaycan qanunvericiliyi
ilə rəsmi olaraq ləğv edilib.
Bu ifadələrin hər biri birbaşa Azərbaycanın suveren
yurisdiksiyasına aid məsələlərə toxunur və hər biri rəsmi Bakı
tərəfindən onun daxili işlərinə müdaxilə kimi rədd edilib. Həmin
yanaşmalar 2025-ci ilin avqustunda Prezident İlham Əliyev və
Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən Vaşinqtonda
paraflanmış sülh sazişinin mətni ilə də uzlaşmır.
Əksinə, Cənubi Qafqaz, nəhayət, bu mərhələni geridə qoymağa
başladığı bir vaxtda sözügedən qətnamə münaqişə dövrü
leksikologiyasını yenidən gündəmə gətirməklə, İrəvanda və digər
yerlərdə sülh prosesini pozmağa çalışan qüvvələrin mövqelərini
gücləndirmək üçün əlavə arqumentlər yarada bilər.
Bu tendensiyanın belə diqqətçəkən olmasının səbəbi onun
bütövlükdə Avropa İttifaqının siyasəti olmamasıdır. Bu, Aİ-nin
təsisatlarından birinin, mübahisəsiz olaraq, ən az etibarlı
olanının mövqeyidir. Qətər qalmaqalından (Qatargate) üç il sonra,
Transparency International 2025-ci ilin dekabrında belə nəticəyə
gəlib ki, Avropa Parlamenti daxilində “çox az dəyişiklik baş verib”
və Avropa Parlamentinin üzvləri (MEPs) etik qaydalar, nəzarət
mexanizmləri və xarici təsirlərlə bağlı islahatların həyata
keçirilməsinə hələ də “ciddi şəkildə mane olurlar”.
Huawei ilə əlaqəli lobbiçilərin 15-ə qədər hazırkı və sabiq
Avropa Parlamenti üzvünə siyasi mövqe qarşılığında pul, smartfon və
futbol biletləri paylaması barədə məlumatlar, eləcə də bəzi
qrupların Avropa İttifaqı vəsaitlərini sistemli şəkildə mənimsəməsi
ilə bağlı hesabatlar isə etimad böhranını daha da
dərinləşdirib.
Məhz buna görə də institusional islahatlara dair çağırışlar daha
da güclənib, çünki Parlamentin fəaliyyəti çox zaman vətəndaşların
prioritetləri ilə və İttifaqın strateji maraqları ilə uzlaşmayan
təsir bağışlayır. Öz daxilində etik qaydalara əməl olunmasına
etibarlı şəkildə nəzarət edə bilməyən bir institutun Avropanın
enerji təminatında mühüm rol oynayan üçüncü bir ölkə haqqında
mənəvi qiymətləndirmələr verməsi, əslində, həmin qiymətləndirmələri
hazırlayanların istədiyinin əksinə olaraq, onun öz nüfuzuna daha
çox zərər vurur.
Bu, Roberta Metsolanın İrəvanda keçirilən sammitdə səsləndirdiyi
“biz işləmə tərzimizi heç vaxt dəyişməyəcəyik, hətta bu narahatlıq
yaratsa belə” fikrinin toxunmadığı narahat reallıqdır.
Əslində, bu narahatlıq Azərbaycana aid deyil. Avropa
Komissiyası, Avropa İttifaqı Şurası və getdikcə artan sayda üzv
dövlətlər artıq Bakı ilə əməkdaşlığın strateji zərurət olduğunu
qəbul ediblər. Onlar çərçivə sazişləri imzalayır, enerji boru
xətlərini genişləndirir və Prezident İlham Əliyevdən Ukrayna ilə
bağlı üçtərəfli diplomatik danışıqlara ev sahibliyi etməsini xahiş
edirlər.
Bununla paralel olaraq, Avropa Parlamenti isə sanki bütün bu
proseslər baş vermirmiş kimi mətnlər hazırlamaqda davam edir.
Cari vəziyyətdə 1992-ci il tarixli ABŞ-nin “Azadlığı müdafiə
aktı”na 907-ci düzəlişlə paralellik ibrətamizdir.
Parlamentin bu cür qərarlar qəbul etməsinin legitimliyi
müzakirələri ilə üz-üzrə qaldıqda Prezident Metsola qurumun
demokratik mandatına istinad edir:Avropa Parlamenti demokratik
yolla seçilmiş bir orqandır və onun qətnamələri üzvlərinin
iradəsini əks etdirir.
Bu, formal olaraq doğrudur. Lakin demokratik seçki xarici
siyasətdə həmişə düzgün və ədalətli qərarların qəbuluna zəmanət
vermir.
Eyni qaydada, ABŞ Konqresi də demokratik orqandır. Amma 1992-ci
ildə “Azadlığı müdafiə aktı”na 907-ci düzəliş qəbul edilərək
Azərbaycan o dövrdə münaqişənin qurbanı olduğu halda ona qarşı
sanksiyalar tətbiq olunub. Həmin vaxt Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış əraziləri işğal altında idi, insanlar öz
yurdlarından məcburi köçkün düşürdü və mülki əhali ağır
zorakılıqlara məruz qalırdı. Xüsusilə 1992-ci ilin fevralında baş
vermiş Xocalı soyqırımı bu dövrün ən faciəli hadisələrindən biri
idi.
Başqa sözlə desək, demokratik seçki Birləşmiş Ştatlar
Konqresinin təcavüzü mükafatlandıran və onun qurbanını cəzalandıran
bir siyasət qəbul etməsinin qarşısını almadı. Eyni şəkildə, Avropa
Parlamentinin demokratik mandatı da onun hər zaman ardıcıl və
obyektiv mövqe tutduğunu sübut etmir.
Azərbaycan öz seçimini açıq şəkildə ortaya qoyub: o, Avropa
İttifaqı ilə tərəfdaşlığını dərinləşdirəcək və Avropanın enerji
təhlükəsizliyinə töhfəsini artıracaq, lakin Avropa Parlamenti
selektivliklə prinsipiallığı səhv salmağa davam etdiyi müddətdə bu
təsisatla qanuni dialoq tərəfdaşı kimi davranmaqdan imtina edəcək.
Bu, Avropa ilə münasibətlərin pozulması deyil. Bu, Cənubi Qafqazda
iki Avropanın fəaliyyət göstərdiyinin etirafıdır – birinə Kosta,
fon der Lyayen, Kallas, Meloni, Babiş və Rinkeviçs, digərinə isə
Strasburq palatası rəhbərlik edir.
Avropa Parlamenti öz qətnamələrini özünün yaratdığı problemlər
kimi yox, “narahat həqiqətlər” kimi təqdim etməkdə israr etdikcə,
daha aktual bir məsələ ortaya çıxır ki, bu sual artıq daha çox
avropalıların özünə aiddir: onun Cənubi Qafqaz siyasəti, dəqiq
desək, əslində kimlərin maraqlarına xidmət edir?”


