
Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə dərinləşir.
“APA-Economics” xəbər verir ki, bunu “Invision Design Talks 2” forumunda Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, mədəni və enerji sahələrində əməkdaşlıq getdikcə genişlənir.
Səfir qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən və Qarabağın işğaldan azad olunmasından sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub.
Onun sözlərinə görə, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə strateji müttəfiq statusu qazanıb.
Birol Akgün vurğulayıb ki, iki qardaş ölkə rəhbərliyinin formalaşdırdığı əməkdaşlıq Türk dünyası üçün də nümunə olub.
Diplomat deyib ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu və Türkiyənin Antalya şəhərində təşkil olunacaq COP31 beynəlxalq əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq.


