Bakı. Trend:
İtaliyanın Turin şəhərində etirazçılarla baş verən toqquşmalar
zamanı 100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Trend xəbər verir
ki, bu barədə ANSA rəsmi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, insidentlər zamanı 97 polis əməkdaşı, 5 karabiner
və Maliyyə Qvardiyasının 7 üzvü yaralanıb.
İtaliya rəhbərliyinin və müxalifətin nümayəndələri
hüquq-mühafizə orqanları ilə həmrəylik ifadə ediblər. İtaliyanın
Baş naziri Corcia Meloni xəstəxanada iki polis əməkdaşını ziyarət
edib. O, baş verənləri qəbuledilməz adlandıraraq hadisəni “dövlətə
hücum” kimi qiymətləndirib.
Məlumata görə, hökumətin sosial mərkəzi bağlamaq qərarına etiraz
olaraq təxminən 15 min nəfərin qatıldığı aksiya sonradan
iğtişaşlara çevrilib. Nümayiş zamanı hökumət əleyhinə şüarlar
səsləndirilib, həmçinin Fələstinə dəstək çağırışları edilib.
Etirazçılar zibil konteynerlərini yandırıb, polis əməkdaşlarına daş
atıblar. Polis isə aksiyanı dağıtmaq üçün su şırnaqlarından
istifadə edib.
Maskalı etirazçıların polis əməkdaşını döyməsini əks etdirən
görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, bir neçə
nəfər saxlanılıb, ictimai asayişin pozulması və polisə müqavimət
göstərilməsi faktları üzrə araşdırmalara başlanılıb.

