WUF13-ə hazırlıq çərçivəsində dövlət qurumları üçün dayanıqlılıq üzrə sessiya keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yanvarın 29-da Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü
sessiyasına (WUF13) hazırlıq çərçivəsində dayanıqlılıq
prinsiplərinin təşviqi məqsədilə dövlət qurumlarının nümayəndələri
üçün məlumatlandırma sessiyası təşkil olunub.

Trend xəbər verir ki,
sessiyada açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini
Dövlətxan Dövlətxanov 17-22 may tarixlərində keçiriləcək WUF13
tədbirinin əhəmiyyətini vurğulayıb.

İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq
şöbəsinin sektor müdiri İlqar Qasımlı və EY şirkətinin Mərkəzi
Asiya, Qafqaz və Ukrayna üzrə rəhbəri Viktor Kovalenko da çıxış
edərək, tədbirin şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı
iştirakçılığa malik qlobal konfrans olduğunu və bu tədbirdə
iştirakın vacibliyini bildirdilər.




WUF13 Azərbaycan Əməliyyat Şirkəti və EY Azərbaycan şirkətindən
olan nümayəndələri davamlı şəhərsalma və bu sahədə qlobal və milli
çağırışlar, eləcə də tədbirin dayanıqlılıq hədəfləri barədə
təqdimat etdilər. WUF13 zamanı keçirilməsi planlanan əsas
sessiyalar, tərəfdaş təşkilatlarla tədbirlər, assambleyalar və
dəyirmi masalar haqda məlumat verilib. Sessiyada milli təmsilçilik
və iştirakçılığın əhəmiyyəti qeyd olunub.

Sessiyada BMT-nin WUF13 üzrə koordinatoru Abdinassir Şel Saqar
və 70-dən çox dövlət qurumunun nümayəndələri iştirak edib.

Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa
malik beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13
tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı
şəhərlər və yaşayış məskənləri” mövzusunda 2026-cı ilin 17–22 may
tarixlərində Bakıda keçiriləcək. Bu tədbir vasitəsilə iştirakçılar
bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar
qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə
edəcəklər.