“Əmək pensiyaları” haqqında Qanuna uyğun olaraq yaşa görə əmək
pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların
pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra
yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra
vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi
dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya
kapitalı qeydə alınır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında
deyib.
Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya
kapitalı 72-yə (144 – 72 (pensiya təyin edilən tarixdən sonra
işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən
hesablanır.
Göründüyü kimi, işləyən vətəndaşlarımızın pensiyasına əlavələr 2
dəfə- 6 ildən bir edilir. Bu o deməkdir ki, 65 yaşında pensiyaya
çıxan və işləməyə davam edən vətəndaşımızın ikinci dəfə pensiyasına
əlavələr 77 yaşında edilir.
Əksər inkişaf etmiş ölkələrdə, bu hallarda pensiya kapitalından
istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə
edir. Ona görə təklif edərdim ki, “Əmək pensiyaları” haqqında
Qanunda dəyişikliyə baxılsın və işləyən pensiyaçı vətəndaşlarımızın
pensiya kapitalından istifadə 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4
ildən bir həyata keçirilsin. Bu hal işləyən pensiyaçıların
topladığı pensiya kapitalından daha səmərəli istifadəsinə və o
vətəndaşlarımızın pensiyalarında daha çox artıma səbəb olar.
İşləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq
bu dəyişiklik ilə çoxlu sayda vətəndaşlarımızın pensiya
məbləğlərini artardı.

