Rusiyadakı yanacaq problemləri Mərkəzi Asiya ölkələrinə necə təsir edir?

Baş səhifə

Bakı. Trend:

Rusiyada neft emalı zavodlarına (NEZ) endirilən silsilə
zərbələrdən sonra neft emalının azalması nəticəsində yaranan
yanacaq problemləri tədricən daxili bazarın hüdudlarını aşır və
Mərkəzi Asiya ölkələrinə təsir göstərməyə başlayır.

İyulun 8-də Rusiya hakimiyyəti dizel yanacağının ixracına iyulun
31-dək müvəqqəti qadağa tətbiq edib. Məhdudiyyət hökumətlərarası
sazişlər çərçivəsində həyata keçirilən tədarüklərə şamil olunmasa
da, bu qərar bazardakı gərgin vəziyyətin növbəti təsdiqi olub.

“Yanacaq bazarında vəziyyət gərgin olaraq qalır”, – deyə
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak daha əvvəl
bildirib.

Kpler-in məlumatına görə, 2026-cı ilin iyun ayında Rusiyanın
NEZ-lərində neft emalı sutkada təxminən 4,1 milyon barelə enərək
son illərin ən aşağı səviyyəsinə düşüb. Benzin istehsalı ötən ilin
eyni dövrü ilə müqayisədə təxminən 25 faiz az olub, yay mövsümündə
istehlak isə istehsal həcmini üstələyir.

Rusiya Mərkəzi Asiyanın bir sıra ölkələri üçün əsas benzin
tədarükçüsü olaraq qalır. 2025-ci ildə dəmir yolu ilə təxminən 2,6
milyon ton benzin ixrac edilib. Bunun 526 min tonu Qırğızıstana,
510 min tonu Özbəkistana, 406 min tonu isə Tacikistana göndərilib.
Məhz buna görə də yanacaq çatışmazlığının nəticələri region üzrə
sürətlə yayılıb.

Qırğızıstan: ən həssas ölkə

Qırğızıstan regionun ən həssas ölkəsi olaraq qalır.
Respublikanın idxal etdiyi benzinin 90 faizdən çoxu Rusiyanın
payına düşür.

Təkcə 2026-cı ilin yanvar-may aylarında Rusiyadan Qırğızıstana
251 min tondan çox avtomobil benzini, 235,1 min ton dizel yanacağı
və 48,15 min ton aviasiya kerosini tədarük edilib. Müqayisə üçün
qeyd edək ki, eyni dövrdə ölkədaxili istehsal cəmi 129,2 min ton
benzin və 118,2 min ton dizel təşkil edib ki, bu da idxalın mümkün
azalmasını tam kompensasiya etməyə imkan vermir.

İyunun sonunda Qırğızıstan Neft Treyderləri Assosiasiyası
Rusiyadan tədarükün məhdudlaşdırılması və mövsümi tələbatın artması
səbəbindən Aİ-95 və Aİ-98 markalı benzində qıtlığın yarandığını
açıqlayıb.

Hakimiyyət alternativ mənbələrin təcili axtarışına başlayıb. Çin
3 min ton aviasiya yanacağının tədarükünü təsdiqləyib və 5 min ton
dizel yanacağının göndərilməsi ilə bağlı danışıqlar aparır. Belarus
isə daha 3 min ton aviasiya yanacağı və təxminən 10 min ton dizel
yanacağının tədarükünə hazırlaşır.

“Çindən tədarükü 10 gün ərzində, Belarusdan isə təxminən 15-20
gün ərzində gözləyirik”, – deyə Qırğızıstan Nazirlər Kabineti
sədrinin birinci müavini Daniyar Amanqeldiyev bildirib.

Bundan əlavə, Qazaxıstan da Qırğızıstana neft məhsullarının
ixracı imkanını nəzərdən keçirir. Lakin potensial tədarük həcmləri
hələlik Rusiyanın həcmləri ilə müqayisə oluna bilmir.

Özbəkistan: ehtiyatlara baxmayaraq rekord qiymət artımı

2025-ci ildə Özbəkistan Rusiyadan təxminən 510 min ton benzin
alıb. 2026-cı ilin yanvar-aprel aylarında ölkənin ümumi benzin
idxalı 327,1 milyon dollar dəyərində 568,7 min tona çatıb ki, bu da
ötən ilin analoji dövrünün göstəricisini iki dəfədən çox
üstələyir.

Eyni zamanda ölkədə yanvar-may aylarında 502,2 min ton avtomobil
benzini istehsal olunub.

Rusiya böhranının əsas təzahürü birja qiymətlərinin kəskin
artması olub. İyunun 29-na olan məlumata görə, Özbəkistan
Respublika Əmtəə-Xammal Birjasında Aİ-92 markalı benzinin qiyməti
tarixi maksimuma – hər ton üçün 13,919 milyon suma çatıb. Bir ay
ərzində benzin təxminən 11,8 faiz bahalaşıb. Ən kəskin artım isə
iyunun 4-8-i arasında baş verib. Bu müddətdə qiymət cəmi dörd gün
ərzində 10,5 faiz yüksəlib.

Buna baxmayaraq, hakimiyyət kifayət qədər ehtiyatların olduğunu
vurğulayır.

“Əminliklə deyə bilərəm ki, yaxın iki-üç ay üçün ehtiyatlarımız
kifayətdir”, – deyə Özbəkistanın energetika nazirinin birinci
müavini Umid Mamadaminov bildirib.




Onun sözlərinə görə, ölkədə neft məhsulları istehsalının həcmi
1,2 milyon tonu ötür, özəl idxal isə əlavə olaraq 600-700 min ton
təşkil edir ki, bu da daxili tələbatı ödəməyə imkan verir.

Bununla yanaşı, o etiraf edib ki, mövcud geosiyasi vəziyyət
enerji təhlükəsizliyinin əhəmiyyətini artırır və yalnız
ehtiyatların toplanmasını deyil, həm də daxili istehsal güclərinin
genişləndirilməsini tələb edir.

Tacikistan: dizel qıtlığı artıq yanacaqdoldurma məntəqələrində
hiss olunur

Tacikistan neft məhsullarının təxminən 84 faizini Rusiyadan
idxal edir. 2025-ci ildə ölkə təxminən 959,3 milyon dollar
dəyərində 1,21 milyon tondan çox neft məhsulu idxal edib.

2026-cı ilin iyul ayının əvvəlində yerli KİV Düşənbədə və
ölkənin bir sıra bölgələrində dizel yanacağı çatışmazlığı barədə
məlumat yayıb. Bəzi yanacaqdoldurma məntəqələrində satış
dayandırılıb, digərlərində isə bir alıcıya maksimum 20 litr yanacaq
satılması məhdudiyyəti tətbiq olunub.

Paytaxtda dizel yanacağının qiyməti litr üçün 13,9-15,5 somoni,
bəzi regionlarda isə təxminən 15,6 somoniyə çatıb.

Tacikistan aviasiya yanacağının tədarükü ilə bağlı Qazaxıstan,
Türkmənistan və digər potensial təchizatçılarla danışıqlara
başlayıb.

“Hazırda yanacağın yerləşdiyi məntəqələr barədə məlumat
toplayırıq ki, müqavilə bağlayaq və onun idxalını təşkil edək”, –
deyə Tacikistan Mülki Aviasiya Agentliyinin rəhbəri Həbibullo
Nazarzoda bildirib.

Onun sözlərinə görə, Tacikistanın yanacaq şirkətləri artıq
təxminən bir həftədir alternativ təchizatçılar axtarır.

Qazaxıstan və Türkmənistan: regionun mümkün donorları

Qazaxıstan və Türkmənistan hələlik avtomobil yanacağı üzrə
daxili qıtlıqla üzləşməyiblər.

Qazaxıstan tələbatı öz NEZ-lərinin hesabına ödəyir və 1,1 milyon
tondan çox neft məhsulu ehtiyatına malikdir. Bununla belə, ölkə
artıq dolayı təzyiq hiss edir – sərhədyanı bölgələrdə istehlak
artır, yanacağın qeyri-rəsmi ixracı riskləri yüksəlir və qonşu
ölkələrdən əlavə tədarüklə bağlı müraciətlər daxil olur.

Əhəmiyyətli neft emalı güclərinə malik olan Türkmənistan da
region üçün alternativ yanacaq mənbəyi kimi nəzərdən keçirilir.

Bununla belə, hər iki ölkənin imkanları daxili tələbat, mövcud
müqavilələr və logistika ilə məhdudlaşır. Buna görə də onlar
Rusiyadan tədarükün azalmasını yalnız qismən kompensasiya edə
bilərlər.

Hazırkı böhran Mərkəzi Asiya ölkələri üçün bir təchizatçıdan
həddindən artıq asılılığın yaratdığı riskləri əyani şəkildə nümayiş
etdirib. Qırğızıstan, Tacikistan və müəyyən dərəcədə Özbəkistan
artıq tədarükdə fasilələr, qiymət artımı və alternativ yanacaq
mənbələrinin təcili axtarışı ilə üzləşiblər.

Rusiyada yaranmış qıtlıq müvəqqəti olsa belə, onun region
dövlətlərinin enerji siyasətinə yenidən baxılması prosesini
sürətləndirəcəyi ehtimal olunur. Uzunmüddətli perspektivdə
diversifikasiyanın ən real istiqaməti “Bir kəmər – bir yol”
təşəbbüsü çərçivəsində nəqliyyat infrastrukturunu fəal şəkildə
genişləndirən və böyük neft emalı güclərinə malik olan Çin hesab
edilir.

Beləliklə, Rusiyadakı yanacaq böhranı artıq bu gün təkcə ölkənin
daxili bazarına deyil, həm də Mərkəzi Asiyanın regional enerji
təhlükəsizliyi sisteminə təsir göstərir.