
Bakı. Trend:
İyulun 9-da Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliyanın
Müdafiə Nazirliyinin milli silahlanma direktoru admiral Giacinto
Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, iki
ölkə arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə
olunub.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov ölkələrimiz
arasında strateji tərəfdaşlığa əsaslanan müdafiə sahəsində
əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycan-İtaliya əlaqələrinin
bir çox sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə
malik olduğunu vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını
bildirən admiral G.Ottaviani qarşılıqlı səfərlərin və təcrübə
mübadiləsinin müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə
çatdırıb.
Qonaq Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın hər iki
dövlətin müdafiə qüdrətinin yüksəldilməsinə töhfə verəcəyindən
əminliyini ifadə edib.
İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi,
hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı
maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

