
Bakı. Trend:
19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio
arasında telefon danışığı aparılıb.
Trend xəbər verir ki, bu
barədə XİN məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli
əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də
regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi
müzakirə edilib.
8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və
müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa
müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını
bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki
ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan
normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəmizin
mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan
arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad
quruculuğu tədbirləri təqdir olunub. “Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə görülən işlərin
əhəmiyyəti vurğulanıb.
Nazirlər bununla yanaşı digər məsələlər barədə fikir mübadiləsi
aparıblar.


