
Bakı. Trend:
İran valyutasının xarici valyutalar qarşısında gündəlik olaraq
dəyərini itirməsinə görə İranın Mərkəzi Bankının sədri Məhəmməd Rza
Fərzin istefa məktubunu prezident Məsud Pezeşkiana təqdim edib.
Trend-in
məlumatına görə, bunu İranın vitse-prezidenti Mehdi Tabatabai yerli
mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu haqda İran prezidentinin qərar verməsi
və Mərkəzi Bankın sədrinin istefasını qəbul etməsi gözlənilir.
Tabatabai əlavə edib ki, Mərkəzi Bankın sədrinin dəyişilməsi
xarici valyutanın qiymətini nəzarətdə saxlamaq üçün həll yolu
deyil. Lakin hökumət bu istiqamətdə həll yolları nəzərdə tutub.
Hazırda İran valyutası qarşısında xarici valyutanın dəyərinin
artmasının bir hissəsi ölkə iqtisadiyyatına hakim olan şərait, bir
hissəsi isə emosiyalarla əlaqədardır. Emosiyalar sakitləşərsə
vəziyyət stabilləşə bilər.
Qeyd edək ki, İran valyutasının xarici valyutaları qarşısında
gündəlik olaraq dəyərini itirməsinə etiraz olaraq bu gün Tehranda
bazar ticarətçiləri etiraz aksiyası keçirib. Aksiyaya yüzlərlə
ticarətçi qatılıb, onlar valyutanın dəyərinin stabilləşdirilməsi
üçün addımların atılmasını tələb edirlər.
Əlavə edək ki, bu gün üçün 1 ABŞ dolları Mərkəzi Bankın rəsmi
məzənnəsi ilə 755 min rial təşkil etsə də, qara bazarda 1,4 milyon
riala alqı-satqı olunur.


