ABŞ-də sərnişin havada təyyarənin qapısını açmağa cəhd edib

Baş səhifə

Bakı. Trend:

ABŞ-də sərnişin təxminən 5 500 metr yüksəklikdə uçan təyyarənin
qapısını açmağa cəhd göstərib.

Trend xəbər verir
ki, hadisə dekabrın 10-da Alyaskanın Dedxors şəhərindən Ankoricə
uçan “Alaska Airlines” aviaşirkətinə məxsus təyyarədə baş
verib.

Məlumata görə, hallüsinasiya vəziyyətində olan Kassian Uilyam
Frederiks adlı sərnişin uçuş zamanı bir neçə dəfə təyyarənin arxa
qapısını açmağa çalışıb. Şahidlərin bildirdiyinə görə, o, özünü
qeyri-adekvat aparıb, narahatedici ifadələr işlədib, pəncərəni necə
sındıra biləcəyini soruşub və ətrafdakılara həddindən artıq spirtli
içki qəbul etdiyini deyib. Daha sonra dərman qəbul edib və bundan
sonra davranışı daha da pisləşib.




Təyyarədə olan üç sərnişin K.Frederiksi zərərsizləşdirərək
uçuşun sonuna qədər saxlayıblar. Ekipaj təcili eniş variantını
nəzərdən keçirsə də, pilotlar reysi davam etdirmək qərarı
veriblər.

Təyyarə Ankoricə endikdən sonra K.Frederiks xəstəxanaya
aparılıb. O, həkimlərə son 9–10 gün ərzində spirtli içki qəbul
etdiyini, eyni zamanda trazodon adlı dərman istifadə etdiyini və
həyatının son iki ilini xatırlamadığını bildirib.

Hadisə ilə bağlı ona qarşı ekipaj üzvlərinin işinə müdaxilə
ittihamı irəli sürülüb. K.Frederiksi uzunmüddətli həbs cəzası
gözləyir. Bundan əlavə, “Alaska Airlines” şirkəti sərnişinə
aviaşirkətin xidmətlərindən istifadəni qadağan edib.