Sumqayıtda qanunsuz işıq cihazları quraşdıran 196 sürücü məsuliyyətə cəlb edilib

Baş səhifə

Bakı. Trend:

Son dövrlərdə bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrinin
konstruksiyasına qanunsuz müdaxilə edilərək əlavə işıq cihazlarının
quraşdırılması, işıq sistemlərinin dəyişdirilməsi və normativ
tələblərə cavab verməyən işıq avadanlıqlarından istifadə halları
müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.




Məlumata əsasən, nəqliyyat vasitələrinə qanunsuz əlavə işıq
cihazlarının quraşdırılması və ya mövcud işıq sistemlərinə müdaxilə
edilməsi qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə
qabiliyyətinə mənfi təsir göstərir, onların diqqətinin yayınmasına
səbəb olur və ağır yol-nəqliyyat hadisələrinin baş vermə riskini
artırır.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi
Şöbəsi tərəfindən aparılan nəzarət-profilaktik tədbirlərlə qeyd
olunan qayda pozuntularına yol verən sürücülər aşkar edilərək
barələrində qanunvericiliyin tələblərinə uyğun inzibati protokollar
tərtib edilir. Eyni zamanda, bu cür qanunsuz hərəkətləri sosial
şəbəkələrdə paylaşan sürücülər də müəyyən edilərək inzibati
məsuliyyətə cəlb olunurlar. Cari il ərzində Sumqayıt şəhərində bu
istiqamətdə aparılan tədbirlər nəticəsində 196 belə sürücü
barəsində inzibati protokol tərtib edilib. Sürücülərdən bir daha
tələb olunur ki, yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə
nəqliyyat vasitələrində işıq cihazlarından istifadəyə dair müəyyən
edilmiş tələblərə ciddi əməl etsinlər. Bu istiqamətdə profilaktik
və nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.