Ramiz Mehdiyev işi üzrə baş nazirin sabiq birinci müavini Abbas Abbasov axtarışa verilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz
Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə
yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi
üzrə növbəti qərar bəlli olub.

Trend-in əldə etdiyi məlumata
görə, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan
Respublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz
Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas
Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi
barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla
istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, Abbas Abbasov 1992-ci ildən Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur.
2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya
Federasiyasında yaşamağa başlamışdır.

Abbas Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla
Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ
keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.
2012-ci ildə yaradılmış qalmaqallı, hamının “Milyarderlər İttifaqı”
adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının
təsisçisi və rəhbəri olub (özünü bu təşkilatın rəsmi təsisçisi kimi
qeydiyyatdan keçirməyi də unutmayıb).

Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından
ibarət tərkibdə formalaşdırılmış “Milli Şura”nın rəhbəri Rüstəm
İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında
“Milyarderlər İttifaqı”nın Koordinasiya şurasının üzvü olub.
Hərçənd, hələ 2012-ci ildə “Milyarderlər İttifaqı”nın
yaradılmasının Azərbaycanda siyasi proseslərə istiqamətləndiyi
barədə xəbərdarlıq siqnalları veriləndə Rüstəm İbrahimbəyov
“Milyarderlər İttifaqı” adından çıxış edib, müsahibələr verərək bu
ittihamları yalanlayırdı. 2013-cü il hadisələri isə hamıya
bəllidir. Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn
Abbas Abbasov 2013-cü ilin əvvəlində “Milli Şura”nın yaradılması
məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanalaraq
Azərbaycana gəlmir.

Əldə edilən məlumatlara əsasən, qeyd olunan şəxslər və
təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif
kanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrə
və proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar,
ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusion
dövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair sair
materiallar ələ keçirilərək cinayət işinə əlavə edilib və açıq
məhkəmə baxışında geniş ictimailəşdiriləcəkdir.

Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə
cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə
ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş
Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay
müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ
keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci
(cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə
ittiham olunur.