Bakı.Trend:
Tailandla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində
Kambocada azı 10 sakin həlak olub, 60-a yaxın insan yaralanıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda Kambocanın Milli Müdafiə
Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, qurbanlardan biri azyaşlı uşaq
olub.
Tailand Müdafiə Nazirliyinin məlumatına görə isə baş verən
toqquşmalarda tailandlı hərbçilər arasında itki sayı 9-a yüksəlib.
Daha 120 nəfər yaralanıb.
Xatırladaq ki, 7 dekabr tarixində Tailand və Kamboca sərhədində
atıcı silahlardan istifadə olunmaqla qarşıdurmalar başlayıb.
Tailandın Kral Ordusu bazar ertəsi bildirib ki, Kamboca qüvvələri
səhər saatlarında sərhəd zonasındakı Tailand mövqelərini
artilleriya atəşi ilə vurmağa başlayıb. Buna cavab olaraq Tailand
Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr
endirib.
Tailand quru qoşunlarının məlumatına görə isə, Kamboca bazar
ertəsi və çərşənbə axşamı Tailand ərazisini BM-21 reaktiv yaylım
atəşi sistemlərindən atəşə tutub, həmçinin kamikadze dronlardan
istifadə edib. Tailand hərbçiləri əsas ərazilərə nəzarəti bərpa
etmək və qarşı tərəfə ziyan vurmaq məqsədilə cavab atəşi
açıblar.

