
Şimali Koreya dəniz qüvvələrini modernləşdirmə proqramı çərçivəsində yeni hərbi gəmilərdə silah sistemlərinin sınaqlarını davam etdirir.
Metbuat.az xəbər verir ki, dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumatına görə, sınaqlar cümə günü keçirilib və gəminin döyüş sistemlərinin qiymətləndirilməsi məqsədi daşıyıb.
Sınaqlar zamanı hədəf aşkarlama və məlumat emalı qabiliyyətləri, inteqrasiya olunmuş atəş gücü sistemləri, dəniz artilleriyası, avtomatik silahlar və elektron müharibə avadanlıqlarının işləmə imkanları yoxlanılıb.
Kim Çen In silahların inkişafında əldə edilən son nəticələri müsbət qiymətləndirib və ölkənin “müharibə çəkindirici gücünün artırılması” istiqamətində işlərin davam etdirilməsini tapşırıb. O, “Kang Kon” esminesinə dair sınaqların tezliklə başa çatdırılmasını və gəminin iki ay ərzində donanmaya təhvil verilməsini istəyib.
Şimali Koreya ötən ay 5 min tonluq “Choe Hyon” esminesini xidmətə verib. “Kang Kon” gəmisi də bu modernləşdirmə proqramının bir hissəsi kimi hazırlanır. Kim Çen In həmçinin növbəti 5 il ərzində hər il bu sinifdən iki yeni döyüş gəmisinin inşasını hədəfləyib.

