
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya
rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın artıq
konseptual mərhələdən çıxaraq praktik və dayanıqlı əməkdaşlıq
modelinə çevrildiyini bir daha nümayiş etdirdi.
Bu sözləri Trend-ə Milli
Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Onun fikrincə, Prezidentlər İlham Əliyev və Peter Pelleqrininin
mətbuata bəyanatları göstərdi ki, tərəflər münasibətləri sadəcə
diplomatik etiketi qorumaq üçün deyil, real geosiyasi maraqların
uzlaşdığı, qarşılıqlı etimadın maksimum səviyyədə formalaşdığı bir
müstəvidə inkişaf etdirirlər. “Prezident İlham Əliyevin “Slovakiya
və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji
tərəfdaşlardır” fikri təsadüfi bəyanat deyil, son illərdə imzalanan
sənədlərin və həyata keçirilən layihələrin məntiqi nəticəsidir.
Xüsusilə ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə
Bəyannamə əlaqələri yalnız siyasi deyil, iqtisadi, enerji və
təhlükəsizlik müstəvilərində də ən yüksək səviyyəyə qaldırdı.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sənəddən sonra
əməkdaşlığın bütün istiqamətlərində dinamika kəskin şəkildə artdı
və bu gün tərəflər sözdə deyil, əməldə strateji tərəfdaşlıq nümayiş
etdirirlər. Bu, həm Azərbaycanın Avropaya inteqrasiya xəttinə, həm
də Slovakiyanın Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş
axtarışına tam uyğun gəlir”.
Fikirlərini davam etdirən millət vəkili daha sonra bildirib ki,
Slovakiya Prezidenti Peter Pelleqrininin səsləndirdiyi fikirlər
qarşılıqlı siyasi iradənin təkcə Bakıda deyil, eyni zamanda,
Bratislavada da prioritet səviyyədə olduğunu nümayiş etdirdi:
“Prezident Pelleqrininin “Slovakiya Azərbaycanı regionda strateji
əhəmiyyətə malik tərəfdaş hesab edir” sözləri Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində oynadığı rolun yüksək
qiymətləndirilməsinin göstəricisidir. Bu kontekstdə Prezident İlham
Əliyevin enerji təhlükəsizliyi haqqında verdiyi bəyanat xüsusi
əhəmiyyət daşıyır: Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının
14-ə çatması, həmçinin boru kəmərləri ilə qaz ixracında birinci
yerə çıxması artıq ölkəmizin qlobal enerji xəritəsində aparıcı
oyunçuya çevrildiyini sübut edir. Yeni yataqların işə düşməsi ilə
Slovakiyaya və onun qonşularına qaz tədarükünün artırılması
perspektivi Azərbaycanın Avropa üçün yalnız bu günün deyil, həm də
yaxın onilliklərin etibarlı enerji tərəfdaşı olaraq qalacağını
göstərir. Bu səfər bir daha sübut etdi ki, Bakı–Bratislava xətti
təkcə siyasi dialoq deyil, Avropanın enerji təhlükəsizliyinə və
regional sabitliyə real töhfə verən strateji xəttdir və Azərbaycan
bu əməkdaşlığın mərkəzində duran əsas aparıcı qüvvədir” .


