Bakı. Trend:
Litva Avropa İttifaqının miqrasiya paktı çərçivəsində qəbul
etməkdən imtina etdiyi qanunsuz miqrantlara görə 2027-ci ildə
kompensasiya məbləği ödəməli olacaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Daxili
İşlər Nazirliyi bəyanat yayıb.
“Miqrantların həmrəylik mexanizmi çərçivəsində qəbulu 2026-cı
ilin iyununda başlayacaq. Qəbulunu məqsədəuyğun saymadığımız
qanunsuz miqrantlara görə isə 2027-ci ildə ödəniş həyata
keçirəcəyik. Bu maddə dövlət büdcəsində nəzərdə tutulacaq”,- deyə
məlumatda qeyd olunub.
Litva qanunsuz miqrantların yalnız bir hissəsini qəbul etmək
qərarına gəlib və kvotanı 40 nəfərə endirmək üçün danışıqlar
aparmağa çalışacaq. Vilnüs digər qanunsuz miqrantların qəbulundan
imtina etdiyi halda kompensasiya ödəməyə razıdır.

