
Bakı.Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq
Təşkilatı (İƏT) təşkilatçılığı ilə 5–11 dekabr tarixlərində
paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə –
2025” keçiriləcək.
Trend xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv
ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye
sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında
qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf
etdirilməsi məqsədi daşıyır.
Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi tədbir ölkəmizin
beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda
multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə
verdiyi töhfəni bir daha nümayiş etdirəcək.
Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi,
İslam dəyərlərinin — tolerantlıq, sülh və müxtəlifliyə hörmətin
təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat,
təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv
dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı
sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi
nəzərdə tutulur.
Tədbir təqribən 50 ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm,
mədəniyyət, həmçinin yaradıcı sənaye ekspertlərini özündə
cəmləşdirəcək. Bu isə öz növbəsində İƏT ailəsinin birliyini və
ortaq dəyərlər ətrafında həmrəyliyini nümayiş etdirir. Festival
çərçivəsində təxminən 5 000 ziyarətçinin iştirakı gözlənilir.
Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin
yüksək səviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu”
(MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər
sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino
proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış
dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq
sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri
ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.

