ATƏT-in Minsk Qrupunun ləğv olunması Azərbaycan dövlətinin çox mühüm diplomatik qələbəsidir – ŞƏRH

Baş səhifə

Bakı. Trend:

ATƏT-in Minsk Qrupu rəsmən fəaliyyətini dayandırması
cAzərbaycanın növbəti haqlı tələbi idi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Könül
Nurullayeva deyib.

Millət vəkili xatırladıb ki, ATƏT-in Minsk Qrupu Qarabağ
münaqişəsinin həlli məqsədilə yaradılmışdı, vasitəçilik mandatı
alan həmsədrlər isə bu illər ərzində problemin həlli istiqamətində
addım atmadı:

“Əksinə, işğalçı ilə işğala məruz qalan tərəflər arasında fərq
qoymadı, rəsmi Bakıya təslimçi sülhlə bağlı təzyiqlər etməkdən də
çəkinmədilər, “status-kvo”nun saxlanmasına çalışdılar. Bu isə
Ermənistanı işğal siyasətini davam etdirməyə cəsarətləndirdi.
2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ATƏT-in
Minsk Qrupunun fəaliyyətsiz qurum kimi tarixə qovuşmasını
şərtləndirdi. Ermənistan müxtəlif bəhanələrlə Qrupun fəaliyyətinin
davam etdirilməsinə çalışırdı”.

Deputatın sözlərinə görə, zamanla Ermənistan da qəbul etdi ki,
Minsk Qrupunun ləğvi qaçılmazdır və Azərbaycanın bu şərti yerinə
yetirilməlidir:

“Vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması
məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli
nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT-in
iştirakçı dövlətləri tərəfindən də qəbul edildi və həmin
institutların bağlanması rəsmiləşdirildi. Beləliklə, bütün inzibati
prosedurların başa çatması Minsk prosesinin qəti bağlanması və
Qarabağ münaqişəsinin də tamamlanmış hesab edilməsi deməkdir”.

Milli Məclisin deputatı Sevinc Fətullayeva isə Trend-ə
açıqlamasında deyib ki, ATƏT-in Minsk Qrupunun ləğv olunması
Azərbaycan dövlətinin çox mühüm diplomatik qələbəsidir.

Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun
fəaliyyətinin rəsmi şəkildə dayandırılması 2025-ci ilin ən mühüm
siyasi-diplomatik hadisələrindən biri kimi
qiymətləndirilməlidir:

“Bu qərar Cənubi Qafqaz üçün təkcə bir institutun bağlanması
deyil, həm də regionda onilliklər boyu mövcud olmuş vasitəçilik
mərhələsinin başa çatması deməkdir. Azərbaycan üçün isə Minsk
Qrupunun ləğvi, ölkənin ərazi bütövlüyünün bərpasından sonra
formalaşan yeni geosiyasi reallığın beynəlxalq səviyyədə tanınması
baxımından əlamətdar hadisədir.

1992-ci ildə yaradılan Minsk qrupu, Ermənistan-Azərbaycan
münaqişəsinin siyasi həlli üçün beynəlxalq platforma rolunu
oynayırdı. Lakin illər keçdikcə bu mexanizmin təsir imkanları
əhəmiyyətli dərəcədə zəiflədi. ABŞ, Fransa və Rusiyanın həmsədrliyi
altında fəaliyyət göstərən format zamanla vahid mövqe nümayiş
etdirmək qabiliyyətini itirdi. Xüsusilə 2022-ci ildən sonra böyük
dövlətlər arasındakı kəskin siyasi ziddiyyətlər qrupun işini
faktiki olaraq dondurdu”,-deyən deputat əlavə edib ki, çoxsaylı
görüşlərə, sənədlərə və təşəbbüslərə baxmayaraq, Minsk qrupu
münaqişənin real həllinə yaxınlaşa bilmədi. Ekspert dairələrində
dəfələrlə vurğulandığı kimi, proses illər keçdikcə münaqişəni həll
etməkdən daha çox onu donduran bir format halına çevrilmişdi”.

Sevinc Fətəliyevanın fikrincə, 2020-ci ilin 44 günlük Vətən
müharibəsi və sonrakı siyasi proseslər regiondakı vəziyyəti köklü
şəkildə dəyişdi:

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və uzun illər
danışıqların mərkəzində dayanan “status” məsələsi tamamilə
gündəmdən çıxdı. Yeni regional reallıq 1990-cı illərin
başlanğıcında formalaşdırılmış vasitəçilik mexanizmlərinin davam
etdirilməsini həm mənasız, həm də yersiz etdi. Bu səbəbdən
Azərbaycan 2021–2023-cü illərdən etibarən Minsk qrupunun
missiyasının artıq bitdiyini açıq şəkildə bəyan edirdi. Regiondakı
digər aktorlar da anlayırdı ki, müasir çağırışlara uyğun yeni
diplomatik yanaşmalar tələb olunur.

Bu ilin avqustunda Azərbaycan və Ermənistanın Minsk qrupunun və
ona bağlı strukturların rəsmi şəkildə bağlanması ilə bağlı
razılaşması yeni mərhələyə keçid baxımından ciddi siyasi iradənin
göstəricisi idi. Dekabrın əvvəlinə qədər ATƏT Katibliyi bütün
texniki və inzibati prosedurları tamamladı və beləliklə,
uzunmüddətli vasitəçilik mərhələsinə rəsmi nöqtə qoyuldu”.